Məhkəmə qərarları › İş №3(5-99)-385/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-385/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-385/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs - Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ağdam rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə, saat 16:10 radələrində Bakı şəhəri Nizami rayon DYPŞ-nin inzibati binasında DYPŞ-nin əməkdaşları ilə mübahisə edərək polisin normal iş rejimini pozmaqla polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, onların qanuni tələblərinə tabe olmamış, ictimai asayişi pozmuşdur. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən müvafiq olaraq xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 məhkəməyə protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, qohumu Aslan İsmayılov ona zəng vuraraq polis əməkdaşları tərəfindən saxlanıldığını, atası Qafur İsmayılovun da orada olduğunu, şəkərinin qalxdığını, polis əməkdaşları ilə mübahisə etdiyini bildirmiş, o, bunu aydınlaşdırmaq üçün oraya getmiş, onların yanına çatan zaman polis əməkdaşlarının onlara qarşı nalayiq ifadələr işlətdiyini, kobud rəftar etdiyini görmüşdür. O, onları aralamaq istəmiş, polis əməkdaşlarından niyə aqressiv danışdıqlarını soruşmuş, bu zaman polis əməkdaşları onun üstünə gəlmiş, ona qarşı da kobud rəftar etməyə başlamışlar. O, polis əməkdaşları ilə normal tərzdə danışmış, səs tonumu qaldırmamış, nalayiq ifadələr işlətməmişdir. O, telefonunu çıxarıb valideynlərinə zəng etmək istəsə də, polis əməkdaşları buna mane olmuş, valideynlərinə zəng vurmağa da icazə verməmişlər. Polis əməkdaşları onu sürüyüb inzibati binaya aparmışlar. Ona normal şəkildə “zəhmət olmasa, buraya gəl” deyən olmamış, kobud şəkildə onun qolundan tutub şöbəyə aparmış, şöbənin içərisində də onu təhqir edib qürurunu alçatmışlar. İzahatı özü qısa şəkildə yazmış, “nöqsanları səmimi qəbul etdik” dedikdə əsasən digərlərinə aid olan nöqsanları nəzərdə tutmuş, ümumi şəkildə elə yazmışdır. Himayəsində 2 azyaşlı uşağı var, anası onkoloji xəstədir. Məhkəmədən bütün bunların nəzərə alınmasını xahiş etdi. Müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX baş inspektoru, polis baş leytenantı X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində xidmətdə olarkən “Hyundai” markalı nəqliyyat vasitəsinə saxla işarəsi verilmiş, nasazlığı yerində aradan qaldırmaq mümkün olmadığından nəqliyyat vasitəsi duracağa yerləşdirilmiş, protokol tərtib olunmuşdur. Sürücü artıq çıxıb gedərkən sürücünün atası Qafur İsmayılov və Şəxs DYPŞ-nin qarşısına gələrək orada polisin və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, səs-küy salmış, polisin normal iş rejimini pozmuşlar. Onları dəfələrlə nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamış, polisin qanuni tələblərinə tabe olmamışlar. Bu səbəbdən PPXB-nin əməkdaşları dəvət olunmuş, həmin şəxslər 25-ci PŞ-nə təmin olunmuşlar. Hadisələr DYPŞ-nin inzibati binasının qarşısında olmuş, Şəxs binanın içərisinə aparılmamış, PPXB-nin xidməti maşınına əyləşdirilərək 25-ci PŞ-nə aparmışlar. O, Şəxs vurmamış, zorakılıq etməmişdir, Şəxs bu barədə dedikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru, polis kiçik serjantı X7 məhkəməyə şahid X6 ilə eyni məzmunlu izahat verərək onların dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnin polis nəfəri, polis serjantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki,xx.xx.2026-cı il tarixdə, saat təxminən 16:20 radələrində xidmətdə olarkən “Kəmərli 4” efir vasitəsilə şöbədə kömək lazım olduğunu bildirmiş, onlar dərhal hadisə yerinə yaxınlaşmışlar. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də, onlar buna tabe olmamış, öz qanunsuz əməllərinə davam etmişlər. Onlar həmin şəxsləri fiziki güc tətbiq etməklə xidməti maşına əyləşdirərək 25-ci PŞ-nə təmin etmişlər. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2026-cı il tarixli raportlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, şahid ifadələri və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2026-cı il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə, saat 16:50-də tutulmuşdur. Məhkəmə Şəxs himayəsində 2 azyaşlı uşağını olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Bundan başqa vəkilin iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərar ilə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla) 33 manat əmək haqqı (3x11) dövlət büdcəsinin vəsaiti hesabına Vəkil ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar