Məhkəmə qərarları › İş №3(5-99)-411/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-411/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-411/2026 30.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “İran nemətləri satışı” mağazasında vətəndaş Şəxs satışı qadağan olunmuş priotexniki vasitələri satması müəyyən olunmuşdur. Belə ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokol AR DİN Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən tərtib edilsə də, qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həmin inzibati xəta haqqında protokolu tərtib etmək səlahiyyəti verilməmişdir. Bu səbəbdən, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətsiz orqan tərəfindən tərtib edildiyindən, işin mahiyyəti üzrə baxılması mümkün olmadığından, onların AR DİN Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə geri qaytarılması zəruridir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix, vaxt və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli Fərmanının 45.2-ci bəndinə əsasən Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - bu Siyahının 16.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Siyahının 16.2-ci bəndində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından-Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional şöbələrin və bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərəfindən tərtib edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına Daxili İşlər Nazirliyi daxil edilməmişdir. Beləliklə, qanunun tələbinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol qadağan edilmiş malların satılmasına münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional şöbələrin və bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərəfindən tərtib edilməli olduğu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1 tərtib etmişdir. Odur ki, inzibati xəta haqqında protokol səlahiyyətli şəxs tərəfindən tərtib edilmədiyi üçün inzibati protokol və ona əlavə olunmuş sənədlər AR DİN Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar