Məhkəmə qərarları › İş №3(5-99)-422/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-422/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-422/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, Ocaqverdiyev Tahir Bayram oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, ev 24-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 29 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 29 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 29 yanvar 2026-cı il tarixli qərardadına əsasən həmin protokollar üzrə müvafiq olaraq 3(5-99)-422/2026 və 3(5-99)-423/2026 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(5-99)-422/2026 nömrəsi saxlanılmışdır. 29 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs narkotik vasitələrin qəbulunda şübhəli qismində 28 yanvar 2026-cı il tarixdə saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparıldıqdan sonra, 29 yanvar 2026-cı il tarixdə Respublika Narkoloji Mərkəzində ekspress-test üsulu ilə müayinəsi zamanı sidik nümunəsində istehlak etdiyi narkotik və ya psixotrop tərkibli maddə “MET”(+), “MOP”(+), “TML”(+), “PGB”(+) aşkar edilmişdir. 29 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs “əmlak.az” saytında Quba rayonunda ev kirayə verməsi ilə bağlı elan yerləşdirmiş, Zərərçəkmiş şəxs həmin elanda qeyd olunan mobil telefon nömrəsi ilə əlaqə saxlayıb həmin evi 1 günlük 100 manata kirayə götürməsi barədə razılıq əldə etdikdən sonra, 30 dekabr 2025-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında olarkən Şəxs göndərdiyi 4169-7388-8790-7289 nömrəli plastik kart hesabına 100 manat məbləğində pul köçürmüş, Şəxs kirayə ev vermək adı ilə aldadaraq qeyd olunan pul vəsaitini ələ keçirib öz ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını xırda talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolların məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, “əmlak.az” saytına yalandan kirayə ev verməsi ilə bağlı elan yerləşdirmiş, sonradan tanıdığı Zərərçəkmiş şəxs Qubada 1 günlük 100 manata ev kirayə verəcəyini söz vermiş, özünə məxsus kart nömrəsini verdikdən sonra Ziyəddin 100 manat pulu ora köçürmüş, o da həmin pulu öz ehtiyaclarına xərcləmişdir. O, demək olar ki, hər gün narkotikdən istifadə edir. 28 yanvar 2026-cı il tarixdə də narkotik vasitədən istifadə etdikdən sonra polislər tərəfindən saxlanılmışdır. Polisdə izahat verərkən də əməllərini etiraf etmişdir. Yoxlama zamanı sidik nümunəsindən narkotik aşkar edilmişdir. Maddi imkanı olmadığına görə zərərçəkmişə dəymiş ziyanı ödəyə bilmir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ailəsi ilə Quba rayonuna istirahətə getmək istəmişdir. Saytlarda elanlar üzrə axtarış apararkən “əmlak.az” saytında Quba rayonunda ev kirayə verilməsi ilə bağlı elan yerləşdirildiyini aşkar etmiş, elanda qeyd olunan mobil telefon nömrəsi ilə əlaqə saxlayıb həmin evi 1 günlük 100 manata kirayə götürməsi barədə razılıq əldə etdikdən sonra, 30 dekabr 2025-ci il tarixdə saat 15 radələrində R.Rüstəmov küçəsi 56 ünvanında olarkən sonradan adını bildiyi Şəxs göndərdiyi 4169-7388-8790-7289 nömrəli plastik kart hesabına özünə məxsus 4127-2222- 8790-7289 nömrəli kart hesabından 100 manat məbləğində pul köçürmüşdür. Lakin sonradan Şəxs ilə əlaqə saxlaya bilməmiş, pulu qaytarılmamışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir, başqa şəxslərin də belə hallarla üzləşməməsi üçün Günle Nəzərovanın cəzalandırılmasını istəyir, həmin şəxslə barışmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, qeyd olunan əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, İXM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitə istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 227-ci maddəsinin (baxılan iş üzrə daha ciddi xəta) sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 28 yanvar 2026-cı il tarixdə, saat 20:50 radələrində tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə iş üzrə Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, habelə qanunvericiliyin tələbinə əsasən hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsi ilə də təqsirli bilindiyindən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, eyni zamanda onun Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş qaydada müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsi ilə barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 28 yanvar 2026-cı il, saat 22:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-in İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin, eyni zamanda onun Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar