Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-435/2026 13.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## #### 1970-ci il tarixdə Şamaxı rayonunun Qəleybuğurd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq Massivi, 1-ci küçəsi, döngə 1, ev 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “xxxx” MMC-də usta vəzifəsində işləyən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən, “xxxx” MMC-nin qablaşdırıcısı Zərərçəkmiş şəxs ## ###### 2025-ci il tarixdə, saat 12:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş usta Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməyin mühafizəsi norma və qaydalarına riayət etməməsi səbəbindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər yetirildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 protokolun məzmununa uyğun izahat vermiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, “xxxx” MMC-də usta kimi əmək funksiyaları işçilərə, məhsulların keyfiyyətli istehsalına nəzarət edilməsindən ibarətdir. Zərərçəkmiş şəxs xəsarət aldığı ## ###### 2025-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən cəmiyyətə məxsus istehsalat sexinə iş yerinə gəlmişdir. Adəti üzrə işçilər təlimatlandırılmış, fərdi mühafizə vasitələrini geyinmişlər, işlərin icrasına başlamışlar. İş günü normal qaydada davam etmiş, lakin təxminən saat 12:00 radələnndə sexin digər tərəfində işçilərə nəzarət edərkən birdən qablaşdırma işləri görülən tərəfdə səs-küy olduğunu eşitmiş, səs gələn istiqamətdə gedib hadisə yerinə çatdıqda Nurlanın qasıq hissəsini tutaraq dayandığını görmüşdür. Nurlana yardım göstərilmiş, dərhal cəmiyyətə məxsus nəqliyyat vasitəsi ilə xəstəxanaya aparılmışdır. Hadisə zərərçəkmiş şəxsin özünün ehtiyatsızlığından baş vermişdir, belə ki, istehsal prosesi davam etdiyi halda Nurlan dəzgahın başından su içmək məqsədi ilə təxminən 3-4 metr məsafədə uzaqlaşmışdır. Özü isə həmin vaxt sexin digər tərəfində nəzarəti həyata keçirdiyi üçün Nurlanın dəzgahın başından ayrılmasını görməmişdir. Hadisə baş verən vaxt ümumi forma, ayaqqabı və xüsusi əlcək Nurlanın üzərində olmuş, lakin qoruyucu önlük onun üzərində olmamışdır. Amma hadisəyədək Nurlan önlüyü geyinmiş vəziyyətdə olmuş, hadisədən əvvəl isə önlüyü çıxarmışdır. Bütün halda baş vermiş hadisəyə görə özünü təqsirli bilir. Barəsində minimum həddə cərimə tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, “xxxx” MMC-də qablaşdırıcı vəzifəsində işləmiş, əmək funksiyası kəsilmiş metal hissələrin dəzgahdan götürülərək qablaşdırılmasından ibarət olmuşdur. Hadisənin baş verdiyi ## ###### 2025-ci il tarixdə saat 09:00 radələrində Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən MMC-yə məxsus istehsalat sexinə iş yerinə getmiş, metal armatur hissələrin kəsilməsi və qablaşdırılması üçün nəzərdə tutulmuş avadanlığın başına keçmişdir. İşdə olarkən, saat 12:00 radələrində növbəti metal armaturu yerləşdirmiş, su içmək üçün avadanlıqdan təxminən 3-4 metr məsafəyə getmiş, növbəti armatur qablaşdırma sahəsinə çatdığı vaxta qədər avadanlığın baş hissəsinə gəlib çatacağını düşünmüşdür. Lakin çata bilməmiş, əmək funksiyalarını icra edəcəyi yerə çatana qədər artıq armatur dəzgahdan çıxmış olmuşdur. Özü bunu görmədiyi üçün metal armatur onun qasıq nahiyəsinə çırpılmış və xəsarət almışdır. İş yoldaşlarının köməyi ilə “X2”nə aparılmış, orada ona ilkin tibbi yardım aldıqdan sonra “Kəpəz” Hospitala getmiş, orada əməliyyat olunmuşdur. Hadisə özünün ani diqqətsizliyindən olmuş, avadanlığın başından ayrılmayacağı təqdirdə hadisə baş verməyəcəkdi. Sex daxilində işlərin düzgün və təhlükəsiz görülməsinə nəzarəti Rövşən usta həyata keçirmişdir. Rövşən usta həmin vaxt sexin daxilində olmuşdur. Avadanlıqda heç bir texniki nasazlıq olmamış, hər zaman işlədiyi avadanlıq olmuşdur. Dəbilqə, xüsusi əlcək, xüsusi ayaqqabı, xüsusi gödəkçə ilə təmin olunmuş, lakin hadisə baş verən zaman yalnız xüsusi ayaqqabı və xüsusi əlcəkdən istifadə etmişdir. İsti olduğuna görə önlüyü əynindən çıxarmışdır. İşlədiyi müddətdə təhlükəsizlik qaydaları barədə təlimatlandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, “xxxx” MMC-yə aid sexdə qablaşdırıcıda işləyir. Zərərçəkmiş şəxs xəsarət aldığı hadisədən əvvəl onlar təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qalça arteriyasının küt travması və onun şaxələrinin zədələnməsi və kiçik sahəli II dərəcəli yanıq yaraları ilə müşayiət olunan sağ qasıq nahiyəsinin deşilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər küt uclu hər hansı bir deşici xüsusiyyətə malik əşyanın (qızmar (yüksək hərarətli) halda olmaqla) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni ##.##.2025-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə, yəni isti dəmir parçasının bədəninə batması nəticəsində əmələ gələ bilərdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının ## ###### 2025-ci il tarixli, **/**** nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən “xxxx“ MMC-nin istehsalat sahəsində istifadə olunan sobanın təhlükə mənbəyi olan hissəsinin qoruyucu vasitələrlə təmin edilməməsi hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2 bəndinin və “1.Vəzifə öhdəlikləri” başlığının 6-cı abzasının tələbləri pozulmuşdur. ünvan 1 ünvanında yerləşən “xxxx“ MMC-nin istehsalat sahəsində istifadə olunan sobanın təhlükə mənbəyi olan hissəsi qoruyucu vasitələrlə təmin edilmədiyinə görə, vəzifə təlimatının “1.Vəzifə öhdəlikləri” başlığının 6-cı abzasının və “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2 bəndinin tələbləri istehsalat sahəsində sobanın istismarına cavabdeh şəxs təyin edilmiş əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis tərəfindən pozulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-435/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-435/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver