Məhkəmə qərarları › İş №3(5-99)-447/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-447/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-447/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə X1 Bakı şəhəri DYPİ-nin xx.xx.2026-cı il tarixli EQ33512468 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ33512468 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə 18:25 radələrində idarə etdiyi “Hyundai Tucson” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ilə hərəkətdə olan zaman yol hərəkəti qaydalarının pozulması adı ilə əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. X2 həmin inzibati xətanı törətmədiyini, qoşa xətti tapdalamadığını, həmin yerdə xətsiz yerdə avtomobili idarə etdiyini qeyd etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri DYPİ-nin xx.xx.2026-cı il tarixli EQ33512468 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, xx.xx.2026-cı il tarixində qayının kamerası ilə cərimələnmiş və həmin cəriməni əsassız hesab edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 ünvan 1 ünvanında yerləşən marketdən sola döndüyünü, həmin hissədə 1 xətt olduğunu, supermarketin çıxışının qabağındakı hissədə isə xətlərin pozulduğunu bildirmişdir. Əvvəllər orada tam xətt olduğundan keçməyə icazə olmadığını, daha sonra isə sağa və sola xətləmə nişanlarının çəkildiyini, qarşı hissəyə isə çəkilmədiyini əlavə etmişdir. X2 bildirmişdir ki, o, cərimə olunan gün yəni xx.xx.2026-cı il tarixində həmin hissədə xətlər olmayıb, həmin xətlər xx.xx.2026-cı il tarixində yenilənərək qırıq-qırıq xətt çəkilmişdir. X2 Bakı şəhəri DYPİ-nin xx.xx.2026-cı il tarixli EQ33512468 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli EQ33512468 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə 18:25 radələrində idarə etdiyi “Hyundai Tucson” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ilə hərəkətdə olan zaman AR İXM-nin 346.4-cü maddəsinə əsasən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. - İnzibati xətanın törədilməsini əks etdirən fotoşəkillərdən müəyyən edilir ki, Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ33512468 nömrəli inzibati tənbeh vermə haqqında qərarında göstərilə AR İXM-nin 327.2-ci maddəsinin tələbləri pozulmuşdur. - AYNA-ya ünvanlanan sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanında mövcud olan yol nişanları və üfüqi nişanlama xətləri barədə məlumatlar AYNA-nın elektron xəritə bazasında mövcud olsa da, sözügedən yol nişanlarının quraşdırılması və üfüqi nişanlama xətlərinin tətbiqi AYNA-nın fəaliyyətə başlamasından əvvəl həyata keçirildiyindən, onların quraşdırılması və çəkilmə tarixlərinə dair informasiya sistemində dəqiq məlumat mövcud deyildir. - Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüdən müəyyən olunur ki, şikayətçi inzibati xəta hadisəsinin törədildiyi yerin görüntülərini izah edərək təqdim edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 69-cu maddəsinin Vİ hissəsinin 11-ci bəndinə əsasən 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. 69-cu maddəsinin Vİİ hissəsinin 5-ci bəndinə əsasən 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda X1 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydaları göstərilməklə onun barəsində inzibati tənbeh tətbiq olunsa da, şikayətə əlavə edilmiş videogörüntüdən və qərardan şikayət vermiş şəxsin izahatından müəyyən edildi ki, inzibati xəta haqqında cərimənin tətbiq edildiyi müvafiq küçədə 1.11 üfiqi nişanlanma (qırıq-qırıq) xətti çəkilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri DYPİ-nin X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli EQ33512468 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar