Məhkəmə qərarları › İş №3(5-99)-478/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-478/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-478/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Nümayəndə iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Nizami RPİ-nin 23-cü polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs xx.xx.2026-cı il tarixdə saat 10:46-da ünvan 1 ünvanında PŞ-nin əməkdaşlarına qarşı nalayiq küçə söyüşləri söyərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nin polis şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixində saat 10:46 radələrində Nizami RPİ-nin 23-cü PŞnin əməkdaşlarının iş vaxtı zamanı vətəndaşın yüksək səslə danışdığını görərək ona yaxınlaşmış, ictimai yerdə yüksək səs və nalayiq ifadələr işlətməməsi ilə bağlı xəbərdarlıq etmişlər. Şəxs polis əməkdaşlarına “gedin işinizlə məşğul olun, siz qarışmayın” deyərək nalayiq ifadələr işlətmiş, mübahisə yaratmış və tabesizlik göstərmişdir. PPX əməkdaşları şəxsi post patrul maşınına əyləşdirərək bölməyə aparmışlar. Protokolu tərtib etmiş şəxs inzibati xəta törətmiş şəxsin qanunauyğun cəza almasını xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, özünü təqsirli bildiyini, səhv etdiyini, bir daha belə bir hərəkət etməyəcəyini bildirdi. Şəkər xəstəliyi səbəbilə bir anlıq əsəbin qurbanı olduğunu, peşman olduğunu, bağışlanmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Nümayəndə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23cü Polis Bölməsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili X2 izahat verərək bildirmişdir ki, səhər iş vaxtı ərazidə olan zaman vətəndaşın küçədə yüksək səslə nalayiq ifadələr işlətməsini görərək ona yaxınlaşmış, xəbərdarlıq etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, nalayiq ifadələr işlətməyə, tabesizlik göstərməyə davam etmişdir. PPX əməkdaşlarına məlumat vermiş, onlar şəxsi post patrul maşınına əyləşdirərək bölməyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Post-Patrul Xidməti bölüyü, polis nəfəri X5 izahat verərək bildirmişdir ki, xidmət vaxtı polis əməkdaşları zəng etmiş, onlara yaxınlaşıb kömək etmələrini xahiş etmişdir. Həmin əraziyə yaxınlaşan zaman onlara müqavimət göstərən Şəxs bölməyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Post- Patrul Xidməti bölüyü, polis nəfəri X3 izahat verərək bildirmişdir ki, xidmət vaxtı polis əməkdaşları zəng etmiş, onlara yaxınlaşıb kömək etmələrini xahiş etmişdir. Həmin əraziyə yaxınlaşan zaman maşını saxlayıb düşənə kimi ortalığın qarışdığını görmüşdür. Nalayiq ifadələr işlədən, polisə müqavimət göstərən Şəxs dərhal maşına mindirərək polis bölməsinə aparmışlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs AR İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli raportlardan müəyyən edilir ki, polis əməkdaşları xx.xx.2026-cı il tarixdə saat 10:46 radələrində ünvan 1 ünvanında ictimai və əhalinin sıx olduğu yerdə bir nəfər şəxsin mobil telefon vasitəsilə uca səslə nalayiq küçə söyüşləri söydüyü üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsi intizama dəvət edərək, ictimai yerdə olduğunu bildirmişlər. Həmin şəxs əməllərinə məhəl qoymayaraq polis əməkdaşlarına “gedin işinizlə məşğul olun” deyərək əl qol hərəkətləri ilə göstəriş vermiş, polisin qanuni tələblərinə tabe olmayaraq qaçmağa çalışmışdır. Bu zaman yaxınlıqda xidmət aparan PPXB-nin əməkdaşlarına məlumat verilərək birlikdə həmin şəxsi avtopatrula mindirmiş, polis şöbəsinə aparmışlar. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur (AA*******). - xx.xx.2026-cı il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 10:46-da ünvan 1 ünvanında PŞ-nin əməkdaşlarına qarşı nalayiq küçə söyüşləri söyərək, qanuni tələblərinə tabe olmamışdır. - İnzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PŞ-nin polis rəisi, polis mayoru X4 tərəfindən xx.xx.2026-cı il tarixdə, saat 10:46-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən AR İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq onun barəsində təqsirləndirildiyi AR İXM-nin 510-cu və 535-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin yuxarı həddə tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Şəxs xx.xx.2026-cı il tarixdə, saat 10:46-da inzibati qaydada tutulduğundan həbsin əvvəli xx.xx.2026-cı il tarixdə, saat 10:46-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 03 (üç) iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla, 33 (otuz üç) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1984-cü il təvəllüdlü, Naxçıvan MR, ünvan 2i ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinə əsasən təqsirli bilinsin və barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il saat 10:46-dan hesablansın. Qərar dərhal icra olunsun. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 03 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar