Məhkəmə qərarları › İş №3(5-99)-496/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-496/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-496/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs xx.xx.2026-cı il tarixdə Nizami rayonu ərazisində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X9 tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixində saat 03:00 radələrində Şəxs AR İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək polis şöbəsinə aparılmış, izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Protokolu tərtib etmiş şəxs inzibati xəta haqqında protokolun təmin olunmasını, şəxsin qanunauyğun cəza almasını xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, özünü tam təqsirli bildiyini, səhv etdiyini, bir daha belə bir hərəkət etməyəcəyini bildirdi. İçkili olduğu üçün heç nə xatırlamadığını, bölmədə ayıldığını bildirmişdir. Bölmədə nalayiq ifadələr işlədərək polisə tabesizlik göstərdiyini etiraf etmişdir. Ona qarşı döyülmə və fiziki təzyiq göstərilmədiyini bildirmişdir. O, onkoloji arvadının xəstə olduğunu, bildirmiş, uşaqlarının yanına qayıda bilməsi barəsində cərimə cəzasının tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X10 hüquqlarını müdafiə etdiyi Şəxs törətdiyi əməldən peşman olmasını, yoldaşı və yetkinlik yaşına çatmayan övladını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Alayının Patrul bölüyü, polis nəfəri X7 izahat verərək bildirmişdir ki, “Naxçıvanski” küçəsində xidmətdə olan zaman kütləvi halda insanların yığışdığını görərək onlara yaxınlaşmışlar. Həmin şəxslər “sakit durun, polislər gəlir” deyən zaman bir nəfər şəxs söyüş və nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs atasına “özünü doğra” dedikdə polis əməkdaşları təərəfindən zərərsizləşdirilmiş və 24-cü polis şöbəsinə aparılımışdır. X7 bildirmişdir ki, yoxlama zamanı həmin şəxslərin üzərindən kəsici-deşici alət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Alayının Patrul bölüyü, polis nəfəri X5 izahat verərək bildirmişdir ki, “Naxçıvanski” küçəsində xidmətdə olan zaman “topa” halında insanların yığışdığını görərək onlara yaxınlaşmışlar. Həmin şəxslər “sakit durun, polislər gəlir” deyən zaman bir nəfər şəxs söyüş və nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs atasına “özünü doğra” dedikdə polis əməkdaşları təərəfindən zərərsizləşdirilmiş və 24-cü polis şöbəsinə aparılımışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs AR İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli raportdan müəyyən edilir ki, polis əməkdaşları C.Naxçıvanski küçəsində yerləşən “Sunay” ticarət mərkəzinin qarşısında bir qrup şəxsin yüksək səsküylə nalayiq söyüşlər işlətdiyini eşidərək həmin yerə yaxınlaşmışlar. Oradakı şəxslərdən biri “sakit durun, polislər gəlir” deyən zaman bir nəfər şəxs söyüş və nalayiq ifadələrdən istifadə edərək dövləti təhqir etmişdir. Həmin şəxslər polisin qanuni tələblərinə əməl etməyə dəvət edilsələr də, buna məhəl qoymayaraq əməllərinə davam etmişlər. Elə bu zaman həmin şəxslərdən ikisi bir-birilərinə “tez özünü doğra” deyərək xəsarət yetirməyə çalışmışlar. Polis əməkdaşları qandaldan istifadə edərək həmin şəxsləri dərhal zərərsizləşdirmiş və 24-cü Polis Şöbəsinə aparmışlar. Şöbədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1972-ci il təvəllüdlü X2 və xx.xx.1993-cü il təvəllüdlü Şəxsdur. - xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Şəxs barəsində inzibati araşdırma aparılan zaman izahat verməkdən və inzibati xəta haqqında protolkolu imzalamaqdan imtina etmişdir. - xx.xx.2026-cı il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Nizami rayonu ərazisində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır - İnzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis kapitanı X9 tərəfindən xx.xx.2026-cı il tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuşdur. -“Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə araq içmişdir və sərxoşluq dərəcəsi ortadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən AR İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən AR İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq onun barəsində təqsirləndirildiyi AR İXM-nin 510-cu və 535-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Şəxs xx.xx.2026-cı il tarixdə, saat 03:00-da inzibati qaydada tutulduğundan həbsin əvvəli xx.xx.2026-cı il tarixdə, saat 03:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 04 (dörd) iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla, 44 (qırx dörd) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1i ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinə əsasən təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il saat 03:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 (dörd) iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 44 (qırx dörd) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar