Məhkəmə qərarları › İş №3(5-99)-620/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-620/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-620/2026 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən AR İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2329398 nömrəli protokola əsasən məlum olur ki, Şəxs icra sənədinə əsasən 3.275 (üç min iki yüz yetmiş beş) manat pulu tələbkarın xeyrinə ödəməkdən yayınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, səhvini boynuna almışdır. Borclu məhkəmə iclasında qeyd etmişdir ki, daha əvvəl Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə müraciət edərək borcunu hissə-hissə ödəmək istədiyini bildirmiş, lakin icra şöbəsi razılıq verməmişdir. Şəxs ona möhlət verilməsini, 5-6 ay ərzində borcu bağlaya biləcəyini qeyd etmişdir. O, barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Nizami rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Kontorunun 8İ-56268 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, Şəxs 5.250 (beş min iki yüz əlli) manat məbləğində pul və 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq tələbkar X4 ödənməlidir. O bildirmişdir ki, Şəxs icra sənədi üzrə 3.275 (üç min iki yüz yetmiş beş) manat pulu tələbkarın xeyrinə ödəməkdən yayınmışdır və şəxs barəsində xx.xx.2026-cı il tarixli MN2329398 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materiallarına əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. Nizami rayon İcra şöbəsinin icra məmuru Şəxs hissə-hissə ödəniş etməsinə etiraz etmədiyini bildirmiş və inzibati xəta haqqında protokolun təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Kontorunun 8İ-56268 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, Şəxs 5.250 (beş min iki yüz əlli) manat məbləğində pul və 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq tələbkar X4 verilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixdə Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən 8İ-56268 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - Şəxs xx.xx.2025-ci il tarixli və xx.xx.2026-cı il tarixli izahatlarında bildirmişdir ki, 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Kontorunun 8İ-56268 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədində nəzərdə tutulan borc məbləğini hal-hazırda işsiz olduğundan ödəməyə imkanı yoxdur. Ümumilikdə 2.000 (iki min) manat ödəniş etmişdir. Borcunu ödəmədiyi halda məsuliyyətə cəlb olunacağı barədə məlumatının olmasını da əlavə etmişdir. - xx.xx.2025-ci il tarixli 177 nömrəli ödəniş tapşırığı (1.700 manat) və xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən (300 manat) müəyyən edilir ki, borclu Şəxs tələbkar X4 müvafiq ödənişlər etmişdir. - Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2026-cı il tarixli MN2329398 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdur. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən, borclunun adında əmlak və avtomobil müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2329398 nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirləndirildiyi AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar