Məhkəmə qərarları › İş №3(5-99)-748/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-748/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-748/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X10 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən AR İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2329401 nömrəli protokola əsasən məlum olur ki, Şəxs Nizami Rayon Məhkəməsinin e-2(007)-227/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 6.348 (altı min üç yüz qırx səkkiz manat) manat borcunu hazırda ödəməmişdir. Məhkəmə iclasında Nizami rayon İcra şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Nizami Rayon Məhkəməsinin e-2(007)-227/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2021-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İcra məmuru bildirmişdir ki, Şəxs işləmir, ödəmə imkanı yoxdur, tələbkar isə pulun ödənilməsini tələb edir, polis isə axtarış elan etmişdir. O bildirmişdir ki, daha əvvəl də Şəxs barəsində icraat başlanılmış lakin sonradan iş üzrə icraata xitam verilmişdir. Nizami rayon İcra şöbəsinin icra məmuru X4 tələbkarın tez-tez zəng edərək ödənişi tələb etməsini, uşaqların ehtiyaclarının həll olunması üçün həmin pula ehtiyac olduğunu nəzərə alaraq ödənişin heç olmasa hissə-hissə edilməsini və bu barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işdən çıxdığını, xəstəliyi ilə bağlı müalicə aldığını bildirmişdir. İşlədiyi dövr ərzində maaşında bonusunun az olduğunu, həmin işdən çıxaraq başqa iş yerlərinə CV göndərdiyini əlavə etmişdir. Şəxs uşaqlarının çox vaxt onunla qaldığını, sonuncu dəfə keçmiş həyat yoldaşı uşaqları apardıqdan sonra uşaqlarının ataları ilə qalmaq istədiklərini qeyd etmişdir. Hal-hazırda işləmədiyini, qardaşı ilə yaşadığını, işləyən kimi borcunu ödəyəcəyini bildirmişdir. Hazırki vəziyyətini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 Lalə Qiyas qızının işləmədiyini, işləyən kimi borcunu ödəyəcəyini nəzərə alaraq köməklik göstərilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nizami Rayon Məhkəməsinin e-2(007)-227/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2021-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. - xx.xx.2025-ci il tarixdə Xətai rayon İcra şöbəsinin icra məmuru Osmanlı ruslan Tufan oğlu tərəfindən 2(007)-227/2025-022 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixində Xətai rayon İcra şöbəsinin icra məmuru Osmanlı ruslan Tufan oğlu tərəfindən 2(007)-227/2025-022 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul olunmuş və icra olunması üçün ərazi aidiyyəti üzrə Nizami Rayon İcra şöbəsinə göndərilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixlərində qəbul edilmiş “borclunun axtarışı haqqında” qərarlardan müəyyən edilir ki, xx.xx.1991-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-4400/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Şəxs hər ay əməkhaqqısından 4.368 manat məbləğində borc bitənədək 70% məbləğində pul vəsaitinin, borc bitdikdən sonra isə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutularaq X5 hesabına köçürülməsi və bu barədə icra şöbəsinə məlumat verilməsi "xxxx" MMC-ə tapşırılmışdır. - Şəxs xx.xx.2026-cı il tarixli izahatında bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin e- 2(007)-227/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə işlədiyi dövr ərzində maaşından 70% pul tutulmuşdur, xəstəliyi ilə əlaqədar müalicə aldığı üçün əmək qabiliyyətini müvəqqəti itirmişdir, hazırda işləmir. İş tapan kimi qalan borcunu ödəyəcəyini bildirmişdir. - Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2026-cı il tarixli MN2329401 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdur. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən, borclunun adında əmək müqaviləsi, əmlak və avtomobil müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2329401 nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirləndirildiyi AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 04 (dörd) iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla, 44 (qırx dörd) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X11 dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1991-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 (dörd) iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X11 müvafiq hesablaşma hesabı üzərindən 44 (qırx dörd) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Nizami Rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar