Məhkəmə qərarları › İş №3(5-99)-752/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-752/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-752/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X13 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Dəvəçi rayonu, Ağalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şəxs 12 fevral 2026-cı il tarixdə polis əməkdaşlarına müqavimət göstərərək onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən 13 fevral 2026-cı il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı onun sidik nümunəsində istehlak etdiyi narkotik vasitə MET (+) aşkar edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2026-cı il tarixli, 3(5-99)- 752/2026 və 3(5-99)-753/2026 saylı qərardadları ilə Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli, İXM-nin 206-cı maddəsi ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(5-99)-752/2026 və 3(5- 99)-753/2026 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmış və birləşdirilmiş işdə 3(5-99)-752/2026 iş nömrəsi saxlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2026-cı il tarixində polis əməkdaşları telefon oğurluğu ilə bağlı X2 izləyiblər, yerlərini Əhmədli ərazisində müəyyən ediblər, onları orada saxlayan zamanı şəxsin yanında olan Fidan xanım qışqırmağa, səs-küy salmağa başlamış, polisə tabe olmamış, nalayiq ifadələr işlətmişdir. Hər ikisini polis maşınına oturmaq üçün dəvət edəndə hay-küy salmışlar. Bununla bağlı şahidlər də var, lakin hadisə zamanı kamera görüntüləri orada olmamışdır. Şəxs narkotik aludəçisidir, Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı onun sidik nümunəsində də narkotik vasitə istifadə etməsi öz təsdiqini tapmışdır. 3 ay bundan əvvəl istifadə edilən narkotik vasitə qanda çıxmır, 10 gün bundan əvvəl istifadə edilən qanda qalır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, İXM-nin 206-cı maddəsi ilə törətdiyi əməllər ilə razıdır, əməlini bu hissədə qəbul edir. Ancaq İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə razı deyildir. O, narkotik vasitədən 3 ay əvvəl bir dəfə istifadə etmişdir. Hadisə zamanı 3 nəfər onu belindən, Asimanı ayağından tutmuşlar, Asimanı maşına dirəmişdilər. O, Asimanı tanıyır, dostudur, həmin gün dərman almalı idi. Onlar Asimanla birgə mağazaya girdilər, o bilmədi ki, Asiman telefonu götürüb. Ehtiyacları olduğu üçün oğurluq edilib. Polislər onlara qarşı nalayiq ifadələr işlətmişdir. Bununla bağlı, kamera görüntülərini də açdırıb baxa bilərlər. Polislər onlara yaxınlaşan zaman vəsiqəsini göstərməmişlər, mülki formada olmuşlar. Onlar Asimanın boğazını divara dirəmişdilər. Onlara arxadan hücum çəkdilər, götürüb yerə çırpdılar, zor tətbiq etdilər. O, polsilərə ancaq qarğış edirdi, çünki onları vurur, döyür, təhqir edirdilər. O, özünü qorumaq üçün polisin üzünə cırmaq atmış, polis onu yerə yıxmışdır, onun gödəkçəsini cırmış, onu boğurdular. O, qışqırandan və qonşular gələndən sonra onlara polis olduqlarını bildirmişlər. O, hətta ailəsi olmadığı halda zəng edib ailəsini çağıracağını bildirmişdir. Polis Bölməsinə aparandan sonra da onları təhqir etmişlər. O həmçinin qeyd etmişdir ki, himayəsində 1 yaşında uşağı var, hal-hazırda uşağın qızdırması olduğu üçün 1 həftədir ki, onu Sosial Xidmətə vermişdir. İşləmir, daimi yaşayış yeri yoxdur, qeydiyyatı Yasamal rayonudur, evli olub ayrılmışdır. Qeyd olunanların nəzərə alınıb barəsində cərimə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X20 bildirmişdir ki, o yaxınlaşıb vəsiqəsini təqdim etmiş, onun polis olmasını biləndən sonra Asiman, ondan sonra isə yanında olan Fidan xanım qışqırmağa başlamış, səs-küy salmışlar, Asiman da bu fürsətdən istifadə edib hadisə yerindən qaçmaq istəmişdir. Fidan xanım onun üzünü cırmış, camaatı başlarına yığmış, şöbəyə gətirənə kimi müqavimət göstərmiş, 30-40 dəqiqə aralarında problem olmuş, maşında da eyni hərəkətləri davam etmişdir. O, oğlanı maşına mindirmək istəyəndə arxadan əlləri ilə üzünü cırmağa başlamışdır ki, Asiman qaça bilsin. Oğlan da üst paltarını çıxarmağa çalışırdı ki qaça bilsin. Onun üzündəki cırmaq izlərini Fidan etmişdir. O, neçə dəfə Fidanı aralılasa da o yenə hay-küy salıb ona hücum etmişdir. Ətrafda olan şəxslər onların polis işçisi olduqlarını bildirəndən sonra bunlara sakit olmalarını, maşına minmələrini bildirmişdir. O, Asiman üçün onlara yaxınlaşmışdır, ancaq Fidan xanım durmadan onlara hücum edirdi. Şəxsləri bölməyə maşınla gətirəndən sonra yalvarmağa başladılar. Onlar çalışırdı ki, ətrafda ictimaiyyəti toplasınlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı X5 bildirmişdir ki, telefon mağazasında oğurluq baş vermiş, şəxsi kamera görüntüləri ilə müəyyən etmiş və onları Əhmədli ərazisində saxlamışlar. Onlar yaxınlaşıb vəsiqəsini təqdim etmiş, polis olmalarını bildirmişlər. Bundan sonra onlar qaçmağa başlamışlar. Əsas Asimanı saxlamaq istəyəndə Fidan onlara maneçilik törətmişdir ki, əllərindən qaçsın, səs-küy salmış, təhqir etmişdir. Fidan digər əməkdaşın üzünü vəhçicəsinə dırnağı ilə cızmışdır. Adətən polis özünü təqdim edən kimi vətəndaş sakit olmağa çalışır. Onları maşına mindirməkdə çətinlik çəkmişlər, onlar Fidanı itələyirdilər ki, onlara yaxın durmasın. 30-40 dəqiqə aralarında belə bir problem olmuş, maşında da eyni hərəkətləri davam etdirmişlər. Bütün bina sakinləri hadisə yerinə yığılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı X5 tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə X7 Nizami RPİ-nin 24-cü PŞ-nə etmiş olduğu müraciəti əsasında sonuncunun icarədarı olduğu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Telefone.az” adlı mağazadan “Redmi 12” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən X8 və Şəxs saxlanılmışdır. X3 yaxınlaşan zaman polis əməkdaşı olduqlarını bildirmələri və onlarla PŞ-nə gəlməsi izah edildikdə o, uca səslə ünvansız nalayiq ifadələr işlədərək qaçmağa cəhd göstərmiş, onun bu cəhdinin qarşısı alınan zaman o, yenidən onlara qarşı müqavimət göstərməyə cəhd etmiş, daha sonra onun yanında olan Şəxs PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Aqil Cəfərova müqavimət göstərərək uca səslə nalayiq ifadələr işlədərək orada olan şəxslərin haqlı narazılığına səbəb olmuşdur. X1 və Şəxs hərəkətlərindən narkotik vasitələrin təsiri altında olmalarına dair şübhələr yarandığından onların barələrində qanuni tədbir görülməsi məqsədilə PŞ-nə gətirilmişdirlər. Odur ki, yuxanda adları qeyd olunan şəxslərin barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. - xx.xx.2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, inzibati xəta törətmiş şəxs- X4 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23 X19 X10 xx.xx.2026-cı il tarixli, 1167 nömrəli rəyindən görünür ki, Şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən qismən peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, himayəsində xx.xx.2024-cü il təvəllüdlü X16 adlı uşağının olmasını, İXM-nin 30.2-ci maddəsinə əsasən Şəxs inzibati həbs tətbiq edilə bilinməyəcəyini, o cümlədən Azərbaycan Respublikası İXMnin 30.2 və 31.2-ci maddələrində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan, o, dərhal tutmadan azad edilməlidir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X17 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsi ilə barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X17 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar