Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-8/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi, protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 16, mənzil 68 olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 15 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokola və ona əlavə edilən sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 16, mənzil 68 olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 15 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş X5 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixdə məktub göndərilməsinə və məktubda qeyd olunan sənədlərin 07 iş günü ərzində təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, tələb edilən sənədlər tam şəkildə protokol tərtib olunan günədək təqdim edilməmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan sənədlər, son-haqq hesabın ödənilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, MMC tərəfindən təqdim olunan sənədlərin içərisində əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan sənədlər, son-haqq hesabın ödənilməsini təsdiq edən sənədlər mövcud olmamışdır. Hətta iş materiallarına baxış keçirdikdə nəlum olur ki, MMC son-haqq hesabın ödənilməməsini əsas gətirmişdir. Yalnız son haqq-hesab ödənildikdən sonra həmin sənədlər gecikmə ilə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin qeyd olunan sorğu məktubuna cavab olaraq tələb olunan sənədlər X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmişdir. Natamam olan sənədlər isə gecikmə ilə də olsa, təqdim edilmişdir. Bütün bunları nəzərə alaraq, barələrində inzibati tənbeh tədbirinin şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, tərtib edilən protokol əsaslı olduğundan hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli, 49/2025 nömrəli məktubun və əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən müvafiq sorğuya cavab olaraq sənədlərin bir hissəsi X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilsə də əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan sənədlər, son-haqq hesabın ödənilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsə müraciətə münasibət bildirilməsi və sənədlərin təqdim edilməsi üçün xx.xx.2025-ci il tarixli sorğu göndərilmişdir. Sorğu hüquqi şəxsə çatdırılmış, lakin 07 iş günü ərzində qeyd olunan sorğuda tələb olunan sənədlər hüquqi şəxs tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə tam şəkildə təqdim edilməmişdir. Beləliklə, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yaranmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən, onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 30 gün müddət təyin edilməli və həmin müddət ərzində hüquqpozmanı aradan qaldırdıqdan sonra məhkəməyə məlumat verməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-116 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, Şəxs MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 30 gün müddət təyin edilsin və həmin müddət ərzində hüquqpozmanı aradan qaldırması barədə məhkəməyə məlumat verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-8/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-8/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver