Məhkəmə qərarları › İş №3(5-99)-812/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-812/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-812/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, AR DİN Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qızının, X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq MÜƏYYƏN ETDİ: AR DİN Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2728503 nömrəli protokola əsasən məlum olur ki, Şəxs xx.xx.2026-cı il tarixdə X1 iş yoldaşı Sevincin “whatsapp” hesabını ələ keçirərək 200 (iki yüz) manat borc pul istəmişdir. X5 onun göndərdiyi kart hesabına 200 (iki yüz) manat göndərərəkl aldadıldığını müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X6 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə X1 iş yoldaşı Sevincin telefon məlumatlarını və “whatsapp” hesabını ələ keçirərək zərərçəkmişdən 200 (iki yüz) manat borc pul istəmişdir. X5 onun göndərdiyi kart hesabına 200 (iki yüz) manat göndərdikdən sonra aldadıldığını anlayaraq polisə müraciət etmişdir. Şəxs tərəfindən dəymiş ziyan ödənilmədiyindən, zərərçəkmiş şikayətçi olduğundan şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2026cı il tarixli MN2728503 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X6 yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2021-ci il təvəllüdlü 1 övladı vardır, lakin övladı olmasını təsdiq edən sənədlər evdədir və telefonda sənədlərin heç bir şəkli yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs uşağının olmasını təsdiq edən sənədləri təqdim edəcəyini, əməlindən peşman olduğunu bildirərək, zərəri ödəyəcəyinə söz vermiş, yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 yazılı izahatına uyğun izahat vermiş, zərər ödənilmədiyi üçün şəxslə barışmadığını, şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Şəxs bağışlamadığını, lakin uşağının olmasını nəzərə alaraq həbs olunmasını istəmədiyini bildirmişdir. Əlavə olaraq dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2728503 nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixdə X1 polisə verdiyi izahatdan müəyyən edilir ki, o, hazırda 54 nömrəli məktəbdə Azərbaycan dili müəlliməsi işləyir. xx.xx.2026-cı il tarixində saat 10:27də özünü iş yoldaşı Sevinc kimi təqdim edən naməlum şəxs Sevincin “whatsapp” hesabını ələ keçirərək ondan 200 manat borc pul istəmişdir. Həmin şəxsin göndərdiyi 4002 8900 5579 4790 saylı Qazaxıstan Respublikasına məxsus bank kartında 200 manat pul göndərdikdən sonra aldadılğını aşkar etmiş və polisə müraciət etmişdir. X5 pulunu oğurlayan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmiş, lakin həmin şəxs barəsində heç bir məlumatının və şübhələndiyi bir şəxsin olmamasını qeyd etmişdir. - xx.xx.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, ünvan 1 ünvanında yaşayan X5 xx.xx.2026-cı il tarixində ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixində saat 10:27-də özünü iş yoldaşı Sevinc kimi təqdim edən naməlum şəxs Sevincin “whatsapp” hesabını ələ keçirərək ondan 200 manat borc pul istəmişdir. Həmin şəxsin göndərdiyi 4002 8900 5579 4790 saylı Qazaxıstan Respublikasına məxsus bank kartında 200 manat pul göndərdikdən sonra aldadılğını aşkar etmişdir. - xx.xx.2026-cı il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi rədd edilmişdir. - xx.xx.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, polis əməkdaşı həmin tarixdə saat 21:00 radələrində inzibati ərazidə xidmət aparan zaman Nizami rayonu, Laçın ticarət mərkəzinin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşmış, özünü təqdim edərək şəxslə söhbət etməyə başlamışdır. Söhbət zamanı onun barəsində əsaslı şübhələr yaranmış və həmin şəxs 24-cü PŞ-nə dəvət edilmişdir. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir və o, xx.xx.2026-cı il tarixdə sosial şəbəkədə tanımadığı şəxsi aldadaraq onun 200 manat pulunu ələ keçirdiyini etiraf etmişdir. - xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında protokol”dan müəyyən edilir ki, vətəndaş Şəxs xx.xx.2026-cı il saat 21:30-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü o cümlədən, İXM-in 30.2-ci maddəsinin tələblərini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, Şəxsnun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xətai rayon İcra Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : xx.xx.1995-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3vanında yaşayan Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə tənbeh təyin edilsin. Şəxs inzibati qaydada tutmadan dərhal azad edilsin. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. İctimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar