Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-835/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPXA-nın Yol Patrul Xidməti baş inspektoru, polis mayoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 327.3, 327.4, 332.3, 342.9, 511.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2026-cı il tarixdə saat 09:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtoxuliqanlıq etdiyinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, həmin zaman polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bundan başqa Şəxs xx.xx.2026-cı il tarixdə Babək prospektində hərəkət edərkən işıqforun nizamlayıcı işığına tabe olmayaraq qırmızı işıqda hərəkətini davam etdirmiş, bu səbəbdən ardınca hərəkət edən polis əməkdaşının xüsusi vasitələrdən istifadə etməklə saxla əmrinə tabe olmamışdır. Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixdə MN seriyalı, ******* nömrəli və Bakı şəhəri Baş Polis İdarəsi DYPİ müşayiət-eskort bölüyü YPX inspektoru polis serjantı X3 tərəfindən xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Mərkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPXA-nın Yol Patrul Xidməti baş inspektoru, polis mayoru Nümayəndə tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Babək prospektində hərəkət edərkən işıqforun nizamlayıcı işığına tabe olmayaraq qırmızı işıqda hərəkətini davam etdirmiş, bu səbəbdən ardınca hərəkət edən polis əməkdaşının xüsusi vasitələrdən istifadə etməklə saxla əmrinə tabe olmamışdır. İdarə etdiyi motosikletin dövlət qeydiyyat nişanının üzərini maska ilə örtməsi polis əməkdaşının ardınca hərəkət etməsinə səbəb olmuşdur. Buna baxmayaraq, şəxs polisin qanuni göstərişlərinə tabe olmayaraq yolda təhlükə yaradıb əks istiqamətli yolla hərəkətinə davam etmiş. Sayrışan işıqla ardıyca gələn polis xidməti avtomobilindən xüsusi vasitələrlə verilən polisin qanuni tələblərinə tabe olmamaqda israrlı olaraq məsuliyyətdən yayınmağa çalışmışdır. Bildirmək istəyirik ki, şəxs oxşar əməllə artıq bir dəfə cərimə olunmuşdur. Verilən cəzadan nəticə çəxarmamışdır. Göstərilə əməllərin nəticəsində şəxsin barəsində Azərbaycan Respublikasının 327.2, 327.3, 327.4, 332.3, 342.9 və 511.2-ci maddələri ilə xx.xx.2023-cı il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əməli etiraf edir və əməlindən peşmandır. O, idmançı olduğunu, Qafqaz çempionu olduğunu və 02 medalının olduğunu bildirmişdir. Həmçinin, vətən müharibəsi iştirakçısı olduğunu qeyd etmişdir. Bildirmişdir ki, daha əvvəl oxşar əmələ görə ona təyin edilmiş cəriməni ödəmişdir. Dolanmaq üçün motosikletlə sifariş daşıyır, işə tələsdiyi üçün qırmızı işıqdan keçmişdir. Nəqliyyatın qeydiyyat nişanının üstünü cərimə gəlməməsi üçün örtmüşdür. Daha sonra da maddi olaraq cəriməyə düşməmək üçün polisin göstərişlərinə tabe olmayaraq, saxlamamışdır. Polis əməkdaşları onu maşınla vuraraq saxlamışlar. Bunun nəticəsində bədənində xəsarətlər də vardır. Söz verir ki, belə bir hal bir daha təkrar olunmayacaq. Əgər həbs verilərsə, işini itirəcəyini və sonrasında dolanmağının çox çətin olacağını bildirmişdir. Məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Baş Polis İdarəsi DYPİ müşayiət-aeskort bölüyü YPX inspektoru polis serjantı X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Babək prospektində hərəkətdə olarkən qırmızı işıqda dayandıqda yolun sol hərəkət zolağı ilə qırmızı işığın tələblərinə riayət etmədən hərəkətinə davam etmişdir. Sonra ardınca getdikdə nömrə bağlamadığını görmüş və xüsusi vasitələrlə “saxla” əmri vermişlər. O, dayanmayıb əks yola çıxıb uzaqlaşmağa başlamışdır. Sonradan saxlanıldıqda etiraf etmişdir ki, nömrəni cərimədən yayınmaq üçün bağlamamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.2, 535.1-ci və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tərtib olunmuş xx.xx.2026-cı il tarixdə MN seriyalı, ******* nömrəli və xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollar, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlər və audio-video diskdə olan görünütlərlə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: – xx.xx.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə **- YP-*** çağırışlı avtopatrulda xidmətdə olarkən Babək pr. ilə maşın bazarı istiqamətinə hərəkətdə olarkən 99L768 nömrəli motosikletin işıqforun qadağanedici siqnalında hərəkət etdiyini və arxa DQN-nın üzərinin bağlı olduğunu görüb saxlamağına işarə vermiş, lakin motosiklet sürücüsü onun saxla əmrinə məhəl qoymayıb öz hərəkətini yolun əks istiqamətinə çıxaraq davam etdirmişdir. Ona saxla işarəsi verilməsinə baxmayaraq avtoxuliqanlıq hərəkətləri edərək digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini kobud şəkildə pozaraq və manevr qaydalarını davamlı və kobud şəkildə pozaraq nəqliyyat vasitələrinin əksi istiqamətinə hərəkət etmiş, sürəti yüksək olduğundan idarəetməni itirmiş və moto aşmışdır. Cəld şəkildə yaxınlaşaraq sürücünün xəsarət alıb almamasına baxılmış və yaxşı olduğu dəqiqləşdirilmişdir. Sürücünün yaxşı vəziyyətdə olduğunu görəndən sonra onu patrul avtomobilinə dəvət etmişlər və o yenə tabe olmayaraq qaçmağa cəhd etmiş, məcbur qalaraq ona fiziki qüvvə tətbiq edilmiş, patrul avtomobilinə əyləşdirilib 23-cü Polis Şöbəsinə aparılmışdır. – xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:45 radələrində Babək prospektində avtoxuliqanlıq etdiyinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, həmin zaman polis əməkdaşlarına tabesizlik göstərmişdir. – xx.xx.2023-cı il tarixli İXP seriyalı ******* saylı “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.3, 342.9 və 511.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. –“İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 10:20-də inzibati qaydada tutulmuşdur. -Audio-video diskdə olan videogörüntüdən müəyyən olunur ki, Şəxs xx.xx.2026-cı il tarixdə Babək prospektində hərəkət edərkən işıqforun nizamlayıcı işığına tabe olmayaraq, qırmızı işıqda hərəkətini davam etdirmiş, bu səbəbdən ardınca hərəkət edən polis əməkdaşının xüsusi vasitələrdən istifadə etməklə saxla işarəsinə tabe olmayaraq yolda təhlükə yaradıb əks istiqamətli yolla hərəkətinə davam etmiş. Sayrışan işıqla ardıyca gələn polis xidməti avtomobilindən xüsusi vasitələrlə verilən polisin qanuni tələblərinə tabe olmamaqda israrlı olaraq məsuliyyətdən yayınmağa çalışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.9-cu maddəsinə əsasən Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlər – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 511.2-ci maddəsinə əsasən Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9, 511.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş X8 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və vətən müharibəsi iştirakçısı olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9, 511.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 511.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati tənbeh tədbirinin tətbiqi zamanı nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs saxlanıldığı vaxtdan, yəni xx.xx.2026-cı il saat 10:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla 55 (əlli beş) manat (5x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 511.2, 535.1-ci və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati xətanın törədilməsində alət olmuş predmet (tibbi maska) müsadirə edilməklə, 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 18 fevral 2026-cı il saat 10:20-dən hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.3, 327.4, 332.3-cü maddələri ilə inzibati qərar qəbul edilməsi məsələsinin həll edilməsi üçün həmin hissədə inzibati material Bakı şəhər Baş X8 İdarəsinə göndərilsin. İnzibati xəta hadisəsinin aşkarlanması zamanı polis əməkdaşları tərəfindən yol verilmiş pozuntuların araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdimat göndərilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 (dörd) iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X5 müvafiq hesablaşma hesabı üzərindən 44 (qırx dörd) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-835/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-835/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver