Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-93/2026 03.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 26 avqust 1974-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xocalı rayonunun Malıbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərçiyi 450”, ev 156-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 dekabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 11 noyabr 2025-ci il tarixdə saat 12 radələrində Şəxs etibarnamə ilə idarə etdiyi “Kia-Sorento” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Xalqlar Dostluğu” metrosu istiqamətindən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə “Neftçilər” metrosu istiqamətində 30 km/saat sürətlə, soldan birinci hərəkət zolağı ilə hərəkət edib yolun “Ramal” ticarət mərkəzinin qarşısından keçən hissəsində piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması qaydalarının tələblərini pozaraq digər hərəkət iştirakçılarına təhlükəli şərait yaradıb yolu sağdan sola, piyada zolağı ilə, iti atdımlarla keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ qanadı ilə, piyada zolağının üstündə vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 11 noyabr 2025-ci il tarixdə, saat təxminən 12 radələrində etibarnamə ilə idarə etdiyi “Kia-Sorento” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Xalqlar Dostluğu” metrosu istiqamətindən Nizami rayonu Q.Qarayev prospekti ilə “Neftçilər” metrosu istiqamətində soldan birinci hərəkət zolağı ilə hərəkət etmişdir. Yolun “Ramal” ticarət mərkəzinin qarşısından keçən hissəsində diqqəti ani olaraq yayındığı üçün yolu sağdan sola, piyada zolağı ilə keçən qadın piyadanı görməyib avtomobilinin qabaq sağ qanadı ilə dəyməyi nəticəsində piyada sağ yan güzgüyə dəyib yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb düşərəl piyadaya yaxınlaşmış və hadisə yerinə dəvət etdiyi təcili-tibbi yardımla piyadanı Sabunçu tibb mərkəzinə yola salıb özü də həmin avtomobilin arxasınca xəstəxanaya getmişdir. Piyadanı yolun sağ kənarından təxminən 9 metr sol kənarına doğru məsafədə, piyada zolağının üstündə, soldan birinci zolaqda ehtiyyatsızlıqdan vurmuşdur. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. O, Qarabağ müharibəsində iştirak etmişdir, veterandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 25 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs hadisə ilə bağlı Nizami RPİ-yə ərizə ilə müraciət edərək, sürücü barəsində hər hansı şikayət və tələbinin olmadığını, hadisənin barışıqla həll olunduğunu bildirmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 25 noyabr 2025-ci il tarixli, 1281 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sağ gözətrafı nahiyəsinin hematoması, burun sümüyünün xətti sınığı, burnun bel nahiyəsinin, üst dodağın, sol mil-biləyin arxa-iç nahiyəsinin, sol əlin arxa səthinin, sol əlin 3-cü və 4-cü barmaqlarının arxa səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan 11 dekabr 2025-ci il tarixli qərardan görünür ki, HK-1/718 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-93/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-93/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver