Məhkəmə qərarları › İş №3(5-99)-999/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-999/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-999/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, qərardan şikayət vermiş X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin X7 Şöbəsinin YPX polis serjantı X1 iştirakları ilə, X3 AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ32369864 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ32369864 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə 01:05 radələrində idarə etdiyi “Changan Unize” markalı **-HQ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə ünvan 1 ilə hərəkətdə olan zaman yol hərəkəti qaydalarının pozulması adı ilə əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək fotoşəkillərlə birlikdə ünvanına göndərilmişdir. Şikayət ərizəsində həmin fotoşəkillərlə şəxsin idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanlarının fərqli olduğu qeyd edilmişdir. İnzibati xəta haqqında protokola əsasən İXM-nin 246.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və durmasına görə 80 manat və 2 bal cərimə növündə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X5 həmin inzibati xətanı törətmədiyini, həmin vaxt sərnişin endirmədiyini, fotoşəkillərdə göstərilən nəqliyyat vasitəsinin qeydiyyat nişanının 99-749 olduğunun açıq aşkar şəkildə göründüyünü qeyd etmişdir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli EQ32369864 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə “sms radar” tətbiqi vasitəsilə ona 80 azn və bal cəriməsi gəlmişdir. Ona göndərilən fotoşəkillərə baxdığı zaman şəkildəki nəqliyyat vasitəsi ilə özünə məxsus avtomobilin dövlət qeydiyyat nişanlarının fərqli olduğunu aşkar edərək dərhal 102-yə zəng etmiş və şikayət ərizəsi yazmışdır. Daha sonra polisə getmiş, lakin ona bir neçə gün gözləməli olduğu deyilmişdir. Bir müddət sonra polisdən zəng gələrək məsələnin həll olduğu, yekunlaşdığı bildirilmişdir. Lakin cərimənmin üzərinə faizlər gəlməkdə davam etmiş və avtomobilin üzərinə həbs qoyulması ilə bağlı şəxsə bildiriş göndərilmişdir. Bununla bağlı polisə yaxınlaşdıqda isə ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. X5 cərimənin ləğv olunmasını və maşına qoyulan həbsin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin X7 Şöbəsinin YPX polis serjantı X2 bu məsələnin aydınlaşdırılması məqsədilə ilk olaraq Bakı şəhər BPİ-nə yaxınlaşmalı olduğunu bildirərək, inzibati xəta haqqında protokolun qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ32369864 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 01:05-də ünvan 1 ünvanında “Changan Unize PLUG İN HİBRİD” minik markalı **-HQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 346.4 yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissələrinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. - İnzibati xətanın törədilməsini əks etdirən fotoşəkillərdən müəyyən edilir ki, həmin fotoşəkildə göstərilən nəqliyyat vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarda göstərilən nəqliyyat vasitəsi eyni deyildir, bir inzibati xəta hadisəsi üzrə iki fərqli nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilmişdir. - X5 tərəfindən təqdim edilmiş telefon ekran görüntülərindən müəyyən edilir ki, o, DİN-nə elektron qaydada müraciət etmişdir. Məhkəmə ərizəçinin və nümayəndənin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər hüquqazidd əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda X3 idarə etdiyi nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanması və durması göstərilməklə onun barəsində inzibati tənbeh tətbiq olunsa da, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və qərardan şikayət vermiş şəxsin izahatından müəyyən edilir ki, bir inzibati xəta hadisəsi üzrə iki fərqli nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, inzibati tənbeh vermə haqqında qərar **-HQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə tətbiq edilsə də, inzibati xəta hadisəsi **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. AR DİN BDYPİ-nin X3 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə 80 (səksən) manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli EQ32369864 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar