Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1005/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3937/2024 saylı qətnaməsi üzrə cavabdeh X2 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cavabdeh X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3937/2024 saylı qətnaməsinin hissə-hissə icra olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3937/2024 saylı qətnaməsinə əsasən, ondan 6342 manat əsas borc, 632,30 manat faiz borcu, 12,29 manat cərimə borcu olmaqla, cəmi 6986,59 manat məbləğində borc və 89,87 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, “X4” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazılığı və şikayəti olmasa da, onu icra etməkdən boyun qaçırmasa da, hazırda maddi imkanın aşağı olması səbəbindən borc məbləğini tam həcmdə birdəfəlik ödəmək imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hər ay səhətində problemlər var. Hətta açıq ürək əməliyyatı da, keçirtmişdir. Hazırda tələb edilən məbləğ üzrə ayda cəmi 30-40 manat ödəniş etmək imkanı var. Lazımi qaydada məlumatlandırılmış iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında məhkəmə müdafiəsi hüququnun məzmunu barədə formalaşmış mövqe ondan ibarətdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalıdır. O, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, qətnamənin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3937/2024 saylı qətnaməsinə əsasən cavabdeh X1 ondan 6342 manat əsas borc, 632,30 manat faiz borcu, 12,29 manat cərimə borcu olmaqla, cəmi 6986,59 manat məbləğində borc və 89,87 manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı “X4” ASC-yə ödənilməlidir. Hazırda cavabdeh həmin qətnamə icraya yönəldilmədən, tutulan məbləğin aylıq 30-40 manat ödənilməklə icra qaydasının müəyyən edilməsini xahiş edir. Lakin qeyd edilməlidir ki, borclunun təklif etdiyi qaydada icra qaydası real deyildir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının təqribən 20 il müddətinə təxirə salınması anlamına gəlir. Göstərilən icra qaydası həm yuxarıda sadalanan normaların mahiyyətinə, həm də iddiaçının mənafeyinə uyğun deyildir. Beləliklə məhkəmə hesab edir ki, hazırki halda cavabdehin hissə-hissə icra edilmə barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3937/2024 saylı qətnaməsi üzrə cavabdeh X2 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-1005/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1005/2024
17.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver