Məhkəmə qərarları › İş №8(001)-1040/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1040/2024

10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1040/2024 10.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2()103)-3856/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə olmaqla icrasına möhlət verilməsi barədə X1nun ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2()103)-3856/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsinin hissə-hissə olmaqla icrasına möhlət verilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3202/2020 saylı mülki iş üzrə 17 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar Nürəddin qızının iddia tələbi təmin edilərək, Binəqədi VVADQ şöbəsində bağlanmış 1157 №-li nikahkları pozulmuş və birgə nikahdan anadan olmuş azyaşlı övladları 17 dekabr 2007-ci il təvəllüdlü X3, 07 dekabr 2009-cu il təvəllüdlü X7, 10 may 2014-cü il təvəllüdlü X9 analarının yanında saxlanılması və hər uşağa görə 150 manat olmaqla ümumilikdə 450 manat sabit alimentin ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3856/2021 saylı 15 aprel 2021-cu tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin aliment hissəsində qismən ləğv edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Lakin gözləmədiyi halda hər 3 azyaşlı övladı analarının əxlaqsız hərəkətlərini görərək 29 noyabr 2023-cü il tarixində onun qeydiyyatda olmaqla yaşadığı ünvana gələrək anaları ilə yaşamaq istəmədiklərini, onun zorakılıqlarından, əxlaqsız hərəkətlərindən və onları yad kişilərin yanında alçaltdığı səbəbindən onunla qalmaq istədiklərini bildirmişlər. Hal- hazırda azyaşlı uşaqlar onun yanında qalmaqla onların bütün maddi təminatlarını özü həyata keçirir. Azyaşlıların onun yanında qalmaları ilə bağlı Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən icra şöbəsində və yaşadığı evə baxış keçirilməklə akt tərtib edilmişdir. Hazırda onun “uşaqların yaşayış yerinin müəyyən olunması və alimentin tutulması tələbinə dair” iddia ərizəsi əsasında Binəqədi rayon Məhkəməsinin icraatında 2(001)-2278/2024 saylı mülki iş vardır. İş üzrə iddiaçı keçmiş həyat yoldaşı Tələbkar Nürəddin qızı tərəfindən aldadılmağı səbəbindən məruz qaldığı ağır mənəvi sarsıntı nəticəsində, məlum hadisələrdən əsəb xəstəliyinə tutulmuş, qohumlarının maddi köməkliyi sayəsində mütəmadi müalicə alır, xüsusi qulluğa ehtiyacı vardır. Maddi vəziyyəti çox pisdir, belə ki, stabil gəlir mənbəyi yoxdur, heç yerdə işləmir, fərdi əmək fəaliyyətilə məşğuldur, sosial yardım almır, özünə məxsus yaşayış sahəsi yoxdur, valideyninə məxsus evdə qalır. Eləcə də əmlak vəziyyətinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, Baş Dövlət Yol Polisi İdarəsinə və Mərkəzi Banka müraciətləri nəticəsində müəyyənləşdirilmişdir ki, mülkiyyətində hər hansı daşmar və daşınmaz əmlak yoxdur. O, çoxillik iş təcrübəsinə malik olan ali təhsilli mühəndisdir, təcrübəsinə böyük ehtiyacları yarandığı üçün bir çox təmir-tikinti şirkətləri tərəfindən, həmin şirkətlərdə yüksək maaş müqabilində işləmək məqsədilə dəvət olunmuş, lakin əsəblərinin korlanması səbəbindən işləmək iqtidarında deyil. Ona görə də yaşayış səviyyəsi çox aşağıdır, bu səbəbdən də iddiaçıya (tələbkara) 2595 manat borc məbləği yaranmışdır. Hətta qeyd etdiyi kimi, dözülməz dərəcədədir, bu səbəbdən də bu günkü gündə yaranmış belə bir vəziyyətdə onun tərəfindən 2595 (iki min beş yüz doxsan beş) manat məbləğində maddi vəsaitin birdəfəyə ödənilməsi heç də ağlabatan deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən borclu ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra sənədi üzrə tələbkara borcu 2595 manat təşkil edir. Uşaqlar məhkəmə qətnaməsi ilə artıq onun himayəsindədir. İcra sənədinin icrasına 1 il möhlət verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən tələbkar ərizəyə etiraz edərək bildirmişdir ki, icra sənədi üzrə borclunun 2595 manatdan artıq borcu var. Belə ki, məhkəmə qətnaməsi əsasında aliment müəyyən edilməsinə baxmayaraq borclu müxtəlif vasitələrlə icranı yerinə yetirməmişdir. Bu mdüddətdə uşaqların saxlanma xərclərini təkbaşına qarşılamışdır. Ona qarşı uşaq və aliment tələbi ilə məhkəməyə müraciət edilmiş, məhkəmə qətnaməsi ilə iddia təmin edilərək hər ay uşaqların saxlanması üçün ondan borclunun xeyrinə aliment tutulur və icraya göndərilmişdir. Qətnamənin icrasına möhlət verilməsinə etiraz edir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə borclu, tələbkar və icra məmuru lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən tərəflərin ərizə ilə bağlı əvvəlki məhkəmə iclasında verikdləri izahatı dinləyib, ərizəni və icra işi birlikdə materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3856/2021 saylı qənaməsindən görünür ki, X6 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3202/2020 saylı iş üzrə 17 avqust 2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, X4 ilə X11 arasında Bakı şəhəri, Binəqədi rayon VVADQ şöbəsində 08 noyabr 2006-cı il tarixdə bağlanaraq, 1157 nömrəli akt qeydi ilə rəsmişləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulan 17 dekabr 2007-cı il təvəllüdlü azyaşlı X3, 07 dekabr 2009-cu il təvəllüdlü azyaşlı X7 və 10 may 2014-cü il təvəllüdlü azyaşlı X10 analarının himayəsində saxlanılmaları və yetkinlik çatanadək inların saxlanılması məqsədilə X5 xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər uşaq üçün 150 manat olmaqla hər ay sabit pul məbləğində 450 manat alimentin alınaraq X2 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2278/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3856/2021 saylı qənaməsi ilə Tələbkar himayəsinə verilmiş yetkinlik yaşına çatmayan 17 dekabr 2007-cı il təvəllüdlü X3, 07 dekabr 2009-cu il təvəllüdlü X7 və 10 may 2014-cü il təvəllüdlü X10 ataları-iddiaçı X6 himayəsinə verilməsi, xx.xx.2024-cü il tarixindən başlayaraq, 17 dekabr 2007-cı il təvəllüdlü X3, 07 dekabr 2009-cu il təvəllüdlü X7 və 10 may 2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdeh Tələbkar tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayonu İcra şöbəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(103)-3856/2021 saylı icra sənədi üzrə borcluX6 tələbkara 7145 manat aliment borcu vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun icrasına möhlət verilməsi, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” AzərbaycanRespublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair”04 iyul 2014-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının dayandırılmasını, həmçinin onların icrasına möhlət verilməsini də nəzərdə tutmuşdur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hakimi həll edə bilər. Bununla yanaşı, “İcra haqqında” Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ... Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. ... qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir”. İş materiallarından göründüyü kimi, qətnamə 2021-ci tarixdən qanuni qüvvəyə minmiş və təqribən 3 ildir ki, icraya yönəldilmiş və bu müddət ərzində borclu Vidadi Mahmudov tərəfindən tam icra edilməmiş, nəticədə 7145 manat borcu yaranmışdır. Borclu məhkəmə iclasında 2595 manat borcu qaldığını bildirsə də, bu barədə müvafiq sənədləri, ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Borclunun ərizəsində icra sənədinin icrasına möhlət verilməsinə dair irəli sürdüyü əsasları təsdiq edən sənədlər ərizəyə əlavə edilməməklə məhkəmədə ərizəyə baxılan zaman da təqfim edilməmişdir. Bundan başqa borclu tərəfindən icra şöbəsinə verilmiş izahatda santexnik fəaliyyəti ilə məşğul olması və aylıq gəlirinin 600-700 manat təşkil etdiyini qeyd etmişdir. O cümlədən xx.xx.2024-cü il tarixdə borclu tərəfindən icra şöbəsinə verilmiş izahatda izahatın verildiyi tarixə 7045 manat borcunun yarandığını göstərməklə borc məbləğindən müəyyən miqdar ödəməyə vəd vermişdir. Borclu möhlət verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, bu da İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə ziddir. Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası “məhkəmə baxışının tərkib hissəsi” kimi qiymətləndirilir. Bundan başqa borclu məhkəmədə icra sənədinin icrasının təmin edilməsinin mümkünsüzlüyünü ağır mənəvi sarsıntı nəticəsində, məlum hadisələrdən əsəb xəstəliyinə tutulması səbəbindən əmək fəaliyyəti ilə məşğul olmaması ilə əsaslandırmağa çalışsa da, qeyd edilir ki, məhkəməyə borclu tərəfindən bu barədə sənədlər təqdim edilmədiyindən həmin hallar öz təsdiqini tapmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır. Məhkəmə qətnaməsinin icrasının müəyyən hallarla bağlı təxirə salınmasına ayrıayrı hallarda bəraət qazandırmaq olar. Lakin bu təxirə salınma ədalətli məhkəmə baxışına olan hüququn mahiyyətini pozması səviyyəsinə çatmamalıdır. (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Budrov Rusiya Federasiyasına qarşı” işi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadlar bir daha göstərir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmaması ədalətli məhkəmə baxışı hüququnun pozulmasıdır. Göründüyü kimi, ərizəçi qətnamənin icrasına möhlət verilməsi ilə müraciət etsə də, işin hallarından görünür ki, icra vərəqəsinin icrasına möhlət verilməsinə səbəb ola biləcək əsaslı hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2()103)-3856/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1nun ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2()103)-3856/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1nun ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar