Məhkəmə qərarları › İş №8(001)-1085/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1085/2024

23.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1085/2024 23.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5449/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Fuad Nəbiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5449/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən xx.xx.1957-ci il tarixində Naxçıvan MR-da anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 82336 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Fuad Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir . Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğu göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən tələbkar izahatında bildirmişdir ki, təqdimatın təmin edilməsini xahiş edir. Borclu tərəfindən bu günə kimi borc məbləğində ödəniş edilməmişdir. Ona yaxın olan mənbədən aldığı məlumata əsasən borclunun ölkəni tərk etmək fikri var. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, hazırda tələb edilən həcmdə borcu ödəmək imkanı yoxdur. Ölkədən getmək kimi bir fikri yoxdur. Çünki ailəsinə, nəvələrinə olduqca bağlıdır. Hətta ödənilməmiş borcuna görə cəzasını çəkməyə belə razıdır. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 84-1.2-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.4-cü bəndində qeyd olunmuşdur ki, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Həmin təlimatın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İcra məmuru tərəfindən Binəqədi Rayon Məhkəməsinin 2(001)-5449/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixli qərara əsasən icraata başlanılmış, icra sənədinin könüllü icrasına dair bildiriş borcluya göndərilmiş, bildirişin kötüyünə borclu tərəfindən xx.xx.2024-cü ildə imza edilmişdir. Lakin borclu qərar və bildirişlə tanış olmasına baxmayaraq, icra sənədinin icrasını ona verilmiş müddət ərzində icra etməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Faiq Əkbərov tərəfindən borcluya ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlığın mətnindən aydın olur ki, borcludan xx.xx.2024-cü il tarixdə şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə gəlib icra sənədi üzrə tələbin təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini rəhbər tutaraq, protokol tərtib olunacağı və daha sona AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu həmin məktubu xx.xx.2024-c il tarixində qəbul etmiş və bunu imzası ilə təsdiq etmişdir. Borclu xx.xx.2024-cü il tarixində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsində verdiyi izahatında yaşadığı evlərin icra şöbəsinin icraçıları tərəfindən alınıb, tələbkara verildiyi üçün, işləmədiyi və İİİ qrup əlil olduğu üçün hazırda borcu ödəməyə imkanı yoxdur. İcra sənədi üzrə bu günədək ödəniş etməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Mehman Beybutov tərəfindən borcluya xx.xx.2024-cü il tarixində təkrar xəbərdarlıq edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Mehman Beybutov tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu xx.xx.1957-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Elektron-icra” sistemindən olan çıxarışa əsasən borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pensiya növü aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5449/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar