Məhkəmə qərarları › İş №8(001)-1086/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1086/2024

27.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1086/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Tələbkar Maraqlı şəxs iştirakı ilə, X1 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Maraqlı şəxs ona qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan maddi zərərə görə 25000 ABŞ dolları, əldən çıxmış faydaya görə 6 il üçün 7500 ABŞ dolları, mənəvi zərərə görə 10000 manat məbləğində pulun tutularaq iddiaçı Maraqlı şəxs verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs iddiası qismən təmin edilmiş, maddi ziyana görə 25000 ABŞ dolları, mənəvi zərərə görə 1000 manat, dövlət rüsumuna görə 30 manat iddiaçı Maraqlı şəxs verilməsi qət edilmişdir. Qeyd edir ki, o, hüquqa, qanuna və dövlətə sadiq vətəndaş olaraq məhkəmə qətnamələrinin icrasından imtina etmir və məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş borcu ödəyəcək. Bugünkü günədək qətnamə üzrə borcundan 11500 manat məbləğində pul ödəmişdir. Lakin hazırda maddi durumunda böyük sıxıntılar mövcuddur. Belə ki, övladlarının biri ali məktəbdə, digəri isə orta məktəbdə təhsil alır. Eyni zamanda "xxxx" ASC-yə və "xxxx" ASC-yə kredit ödənişləri ödəyir. Ailəsinin yaşam xərcləri, övladlarının təhsil xərcləri və digər bütün xərclər onun tərəfindən qarşılanmaqdadır. Buna görə də həmin məbləği hal-hazırda ödəmək iqtidarında deyil. Həmin məbləğ kifayət qədər böyük olduğundan onun tam şəkildə birdəfəyə ödəməyi mümkün deyildir. Eyni zamanda tələbkar tərəf və icra məmuru da maddi vəziyyətinin olduqca acınacaqlı durumda olduğunu bilirlər. Qeyd edir ki, məhkəmə qətnaməsini icra etməli olduğunu şüurlu surətdə dərk etdiyinə və ödəmək istədiyinə görə, eləcə də birdəfəlik ödəmə imkanı olmadığına görə borcunu hissə-hissə ödəmək iqtidarında olduğunu bildirir. Ümid edir ki, onun bu acınacaqlı durumunu nəzərə alıb ərizəsi təmin ediləcək. Göstərilənlərə əsasən, maddi durumunun çox ağır vəziyyətdə olmasını və ailə vəziyətini nəzərə alaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini ayda 500 (beş yüz) manat olmaqla hissə-hissə icra etməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar məhkəməyə bildirdi ki, o, borclunun ərizəsi ilə razı deyil. Borclu sonuncu dəfə 2020-ci ilin dekabr ayında ona 10000 (on min) manat ödəniş etmişdir. Həmin vaxtdan sonra heç bir məbləğ ödəməmişdir. Ona görə də ərizənin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 5631/2020 saylı qətnaməsinə əsasən cavabdeh X3 maddi ziyana görə 25.000 (iyirmi beş min) ABŞ dolları, mənəvi zərərə görə 1000 (bir min) manat, dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq iddiaçı Maraqlı şəxs verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-399/2024 saylı qərardadına əsasən X1 ölkədən getmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-5631/2020 saylı icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, borclu maddi imkanının qətnamənin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən yaranmış borcun hissə-hissə icrasını xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Hazırda qətnamənin hissə-hissə icra edilməsi barədə borclunun xahişinin təmin edilməsi qətnamənin tam icrasını bir neçə ilə yaxın müddətə uzadılması ilə nəticələnəcəkdir ki, bu da tələbkarın mənafeyinə zidd olacaqdır. Halbuki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsi rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş şikayət veilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar