Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-130/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Borclu Həsən-zadə Samir Polattəkin oğlunun, Tələbkar Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Borclu Həsən-zadə Samir Polattəkin oğlunun qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Həsən-zadə Samir Polattəkin oğlu qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclunun qazancından tutulan məbləğ qanunla uşaqlar üçün müəyyən edilmiş aylıq tələbatdan artıqdır. Belə ki, ondan ayda 1100 manat aliment tutulur ki, cavabdeh həmin məbləği öz ehtiyacları üçün sərf edir. "Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa görə, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilib. Göründüyü kimi, ödənilən alimentin yarısı uşaqların ehtiyaclarını tam qarşılayır. Artıq vəsaitin qalığını iddiaçı öz ehtiyacları üçün sərf edir. Qeyd olunanlara əsasən borclu Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək, qətnamə ilə ondan qazancının 1/3 hissəsindən tutulan alimentin 470 manatının tələbkara verilməklə, qalan məbləğin xx.xx.2011-ci il təvəllüdlü Həsən-zadə Nuray Samır qızı və xx.xx.2010-cu il təvəllüdlü Həsən-zadə Nihat Samir oğlunun adına açılmış bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar Maraqlı şəxs ərizəyə etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, borclu heç bir əsaslı sübut olmadan, ərizədə onun alimenti öz ehtiyyacları üçün sərf etdiyini qeyd etmişdir. İlk öncə qeyd edilməlidir ki, birgə yaşadıqları dövrdə də uşaqların yaşayış səviyyəsi həmişə yüksək olub, hətta uşaqların saxlanılmasına, əyləncələrinə borclu hazırda ödədiyi məbləğdən daha artıq miqdarda vəsait sərf edilir. Hal-hazırda xx.xx.2010-cu il təvəllüdlü Həsən-zadə Nihat Samir oğlunun və xx.xx.2011-cü il təvəllüdlü Həsən-zadə Nuray Samir qızının saxlanılması, yaşayış səviyyələrinin və psixoloji sağlamlıqlarının yüksək tutulması məqsədi ilə aşağıdakı cədvəl üzrə minimal xərcləri mövcüddur: ingilis dili hazırlıq – 180 manat, riyaziyyat hazırlıq – 160 manat, aktyorluq hazırlıq – 100 manat, film çəkilişi – 150 manat, futbol təlimi – 100 manat, tamaşalar üçün paltarlar – 100 manat, taxi pulu ortalama – 100 manat, market (alış-veriş) – 400 manat, geyim – 200 manat, əyləncə + restoran – 200 manat, məktəb xərci – 200 manat, evin icarə haqqı – 500 manat, internet – 20 manat, kommunal xərclər – 50 manat, cəmi 2460 manat. Bütün dünyada baş verən inflyasiya, pul kütləsinin get-gedə dəyərdən düşməsi, bankların bağlanma ehtimalı da qaçılmaz risklərdəndir. Qeyd olunan xərclərdən borclu tam şəkildə məlumatlıdır, məhz bu səbəblərdən də ərizəsi əsassız, hüquqa ziddir və rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən borclu Həsən-zadə Samir Polattəkin oğlu ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, aliment tam həcmdə uşaqlara sərf edilməsi qəbul edilsə belə, bu düzgün deyil. Belə ki, uşaqların real ehtiyacları daha az məbləğlər tələb edir. Ölkədə digər uşaqlar 235 manata yaşaya bilirsə, onun uşaqları da yaşaya bilər. Hazırkı ərizəni verməyinin əsas məqsədi ondan ibarətdir ki, uşaqların gələcəyini zəmanətə alsın. Belə ki, uşaqlar indi əyləncəli vaxt keçirə bilər, amma yetkinlik yaşına çatdıqda onun özü kimi sıfırdan başlamaq məcburiyyətində olacaqlar. Amma ödənilən alimentin bir hissəsi hesaba köçürülərsə, bu uşaqlara gələcəkdə ciddi bir dəstək olacaq. Məhkəmə iclasında iştirak edən tələbkar Maraqlı şəxs etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3182/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş; Həsən-zadə Samir Polattəkin oğlu ilə Hənifəyeva (Həsənzadə) Günel Hənifə qızı arasında xx.xx.2009-cu il tarixdə Bakı Nikah Evində (Səadət Sarayı) akt qeydləri kitabında 450 nömrə ilə qeyd edilmiş nikah pozulmuş; nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Həsən-zadə Nuray Samir qızı və xx.xx.2010-cu il təvəllüdlü Həsən-zadə Nihat Samir oğlu anaları Maraqlı şəxs yanında saxlanılmış; xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Həsənzadə Nuray Samir qızı və xx.xx.2010-cu il təvəllüdlü Həsən-zadə Nihat Samir oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin cavabdeh Həsən-zadə Samir Polattəkin oğlundan tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9861/2021 saylı qətnaməsi ilə, alimentin tutulması vaxtı dəyişdirilərək, alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, borclu tərəfindən hal-hazırda iki uşaq üçün hər ay 1100 manat aliment ödənilir. Bu da hər uşaq üçün 550 manat təşkil edir. Borclunun əsas arqumenti ondan ibarətdir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyi təqdirdə, onun iki uşaq üçün 1100 manat aliment ödəməsi qalığ məbləğin tələbkarın özü üçün sərf etməsinə yol açır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, uşaqların həyat səviyyəsi daim yüksək olmuşdur. Bu vaxta qədər olan dövrdə uşaqların təminat səviyyəsinin yüksək şəkildə qarşılanması, tərəflərin nikahın pozulması halı ilə aradan qalxmamalıdır. Belə ki, istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik bütün mübahisələrdə “uşaqların üstün mənafeyi” baxımdan çıxış etməkdədir. Həmçinin, alimentə dair mübahisələrdə də təcrübə uşaqların əvvəlki təminat səviyyəsinin maksimum saxlanması nöqteyi-nəzərindən çıxış edir. Əks halda, uşaqların normal yaşayış vərdişlərindən əksi ilə üzləşməsi həm onların inkişafına, həm də psixologiyasına mənfi təsir göstərəcəkdir. Yəni gələcəkdə ola biləcək xəyali maddi dəstək naminə hal-hazırda müxtəlif hazırlıqlara, aktyorluq, film çəkilişi, futbol və sair kurslara gedən, asudə vaxtlarını əyləncə mərkəzlərində keçirən (*bu xüsusatlar borclu tərəfindən mübahisələndirilmir) uşaqların həyat səviyyəsini 235 manat yaşayış minimumu həddinə sığdırıla biləcək həyat səviyyəsinə endirmək uşaqların üstün mənafeyi baxımından ağlabatan hesab edilə bilməz. Tərəflərin izahatlarından, həmçinin iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemində olan məhkəmə aktlarından görünür ki, tərəflərin bir ailə olaraq yaşadığı dövrdə də uşaqların yaşayış səviyyəsi ölkədə müəyyən edilmiş yaşayış minimumundan xeyli yüksək olmuşdur. Belə olan halda borclunun hal-hazırda ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna istinad etməsi əsaslı deyil. Belə ki, yaşayış minimumu uşaqların yalnız baza tələbatlarının ödənilməsinə xidmət edir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aliment almaq uşağa məxsus olan hüquqdur, buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Sərəncamına aliment daxil olan valideyn bu vəsaiti təyinatı üzrə xərcləmək və məhkəmədə alimenti təyinatı üzrə xərclədiyini sübut etmə vəzifəsi daşıyır. Belə ki, valideyn özünə məxsus vəsaitin xərclənməsi barədə hesabat verməyə bilər, aliment isə valideynin deyil, uşağın vəsaitidir; aliment valideynin sərəncamına özbaşına daxil olmur, onu ödəyən şəxs (digər valideyn) və onun tutulması barədə qərar verən orqan var. Buna görə də o, aliment ödəyənin və aliment tutanın qarşısında hesabatlı olmalıdır. Bundan əlavə, uşağın mənafeyi hər kəsin mənafeyindən üstündür, uşaqlar barəsində istənilən tədbir görülərkən əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəlməlidir. Bunu, yuxarıda sadalanan müddəalardan göründüyü kimi, həm beynəlxalq, həm də milli qanunvericilik tələb edir. Uşağın mənafeyinin daha yaxşı təmin edilməsi üçün sərəncamına aliment daxil olan valideyn alimenti tam olaraq uşağın mənafeyi üçün xərclədiyini təsdiq edən sübutları təqdim etməlidir. Əgər sərəncamına aliment daxil olan valideyn belə sübutlar təqdim edə bilmirsə, deməli, aliment tam olaraq təyinatı üzrə xərclənmir. Bu halda məhkəmə uşağın mənafeyini müdafiə etməli və alimentin 50 faizdən çox olmayan məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarmalıdır. Hazırkı işin materiallarından göründüyü kimi, Maraqlı şəxs ödənilən alimentin təyinatı üzrə xərcləməsinə dair məhkəməyə müvafiq sübutlar təqdim etmiş, uşaqların sürdüyü həyat tərzinin baza tələbatları yetəri qədər üstələyən həddə olmasını, uşaqların fiziki və əqli inkişaflarına kifayət qədər maddi və mənəvi resursların xərcləndiyini təsdiq etmiş, Həsən-zadə Samir Polattəkin oğlu da uşaqlarının müxtəlif hazırlıqlara, kurslara getməsini, istirahət vaxtlarının da dolğun təşkil edilməsini inkar etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, borclu Həsənzadə Samir Polattəkin oğlunun qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi uşaqların mənafeyinə cavab vermir və hazırkı vəziyyətdə rədd edilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hal-hazırda barəsində qərardad qəbul edilən münasibətlər davam edən xarakter daşıdığı üçün, qərardad qanuni qüvvəyə mindikdən sonra, tərəflərin eyni məsələ ilə bağlı məhkəməyə təkrar müraciət etmək hüququ istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Borclu Həsən-zadə Samir Polattəkin oğlunun qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-130/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-130/2024
20.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver