Məhkəmə qərarları › İş №8(001)-134/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-134/2024

14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-134/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5715/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5715/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasına nail olmaq məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5715/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 820 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və tələbin icrası barədə borcluya könüllü bildiriş göndərilmişdir. “Elekton-icra” sisteminə əsasən borclunun adına tələbin yönəldilə biləcəyi əmək müqaviləsi, əmlak və pensiya növü aşkar edilməmişdir. “Elektron-icra” sisteminə əsasən Borclu xx.xx.2022-ci il tarixdə ölkə sərhədini keçdiyi məlum olmuşdur. İcra sənədinin icrasına nail olmaq məqsədilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədəmüvafiqdir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 borclu tərəfindən icra sənədinin icra edilmədiyini bildirərək, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu və təqdimatı vermiş icra məmuru məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5715/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu cəmi 820 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5715/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan Elekton icra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “yuxarı hissələrini tamamlayan fəhlə, ayaqqabı” işləyir, əmək haqqısı 400 manat təşkil edir. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni Qanunun 44.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və tələbin könüllü icrası üçün borcluya bildiriş verilməsi məcburi icra tədbirlərinin əsaslarındandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin təqdimat və ona əlavə edilmiş sənədlərlə Borclu əmək haqqısı ilə əlaqədar icra məmuru tərəfindən icra tədbirlərin həyata keçirilməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5715/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5715/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar