Məhkəmə qərarları › İş №8(001)-14/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-14/2025

13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-14/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-51/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Mehman Beybutovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-51/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən X1 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Mehman Beybutov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir . Təqdimat onunla əsaslandırılmışdır, icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, qətnamə ilə ondan 2 uşağa görə 150 manat aliment tutulmuşdur. Ona icra vərəqi üzrə məlumat verildikdən sonra aylıq 200 manat ödəniş etmişdir. 200 manatın 150 manatını alimentə görə, 50 manatını isə yığılmış borcdan silinməsi üçün ödəmişdir. Tələbkar isə borc məbləğini tam həcmdə tələb edir. Lakin tam həcmdə ödəmək imkanı yoxdur. Hazırda tələbkar uşaqları nə ona, nə də atasına (babaya) göstərmir. Əvvəllər isə atası uşaqları hər görəndə pul vermiş, onlara mobil telefon almışdır. Hazırda anasından ona miras əmlak qalmışdır. Əmlakın kirayəsindən gələn pulla (300 manat) aliment ödənişi edir. Tələbkar da, öz növbəsində aliment məbləğinin artırılmasına dair iddia ərizəsi ilə müraciət edib və aliment məbləği artıq 300 manat müəyyən edilib. Ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəmir. Əvvəlki məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, tələbkar həm atasına, həm də qohumlarına alimentdən imtina etdiyini bildirmişdir. Tələbkar ondan bu vaxta kimi aliment tələb etməmişdir. Ona görə də, alimentin ödənilməli olduğunu bilməmişdir. Həmçinin ona bu barədə nə icra məmuru, nə də ki, tələbkarın özü heç bir məlumat verməmişdir. İcra məmuru tərəfindən məlumatlandırıldıqdan sonra aliment ödənişlərini həyata keçirməyə başlamışdır. Hər ay tələbkara 200 manat ödəniş edir. Əlavə olaraq bildirir ki, tələbkar uşaqları ona göstərmir, lakin aliment tələb edir. Tələbkara borcu olsa da, ölkədən çıxmaq fikri yoxdur. O, bu yaşına kimi bir dəfə İrana getmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən tələbkar izahatında bildirmişdir ki, əvvəllər icra məmuru Faiq Əkbərov idi. İcra məmuru bu müddət ərzində borclunu axtarışa verməmişdir. Halbuki hər dəfə icra məmuru Faiq Əkbərovun yanına gedərək işlə maraqlanarkən borclunu tapa bilmədiyini bildirmişdir. Daha sonra icra məmuru dəyişildi. İcra məmuru Mehman Beybutova iş veriləndən sonra borclunu bir həftə ərzində tapmışdır. Borclunun atası uşaqları görməyə gələrkən, alimentdən imtina etməsi barədə heç bir şey deməmişdir. Borclu bir dəfə 200 manat, iki dəfə isə 150 manat olmaqla, cəmi 500 manat ödəniş etmişdir. İcra məmuru bu vaxta kimi heç bir icra tədbirləri görməmişdir. Hər dəfə icra məmuru Faiq Əkbərovdan işin nə yerdə olduğu öyrəndikdə, guya borclu barəsində axtarış verildiyini bildirmişdir. Halbuki sonradan məlum olmuşdur ki, borclu barəsində axtarış qərarı qəbul edilməmişdir. Ona borcunun ödənilməsi lazımdır. O, icra məmuruna borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla müraciət etməsi barədə heç bir şey deməmişdir. Borcluya isə aliment borcunu ödəməsini təklif etmişdir. İcra məmuru məhkəmə iclasında iştirak etməsə də, icra işini təqdim etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri, o cümlədən icra işi materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının fikirlərini öyrənərək, o qənaətə gəlir ki, təqdimat əsaslı olmadığından rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2-ci bəndində göstərilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Şərh olunan normaların məzmunundan göründüyü kimi borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məcburi icra tədbiri deyildir, bununla bağlı təqdimat isə icra məmuru tərəfindən əsaslandırmalıdır. Təqdimatın əsaslandırılması dedikdə icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin hansı əsasla yarandığı nəzərdə tutulur. Eyni zamanda bu zərurət icra məmuru tərəfindən borclunun əmlakının axtarılması ilə bağlı bütün tədbirlər həyata keçirildikdən, o cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması yoxlanıldıqdan sonra yarana bilər. Lakin icra məmuru öz təqdimatında borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyini əsaslandırmamış, eyni zamanda borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməmişdir. O cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması da iş materialları ilə və icra işinin materialları ilə müəyyən edilmir. Halbuki borclunun ölkədən getmək hüququ konstitusion hüquq olduğundan icra məmuru bu hüququn məhdudlaşdırılması barədə tədbirin tətbiq edilməsinin zəruriliyinə diqqətlə yanaşmalı və bu məhdudiyyətin tətbiqinin icra sənədinin birbaşa icrasına təsir edəcəyini kifayət qədər əsaslandırmalıdır. Eyni zamanda bu tədbir yuxarıda qeyd olunan təlimatdan da göründüyü kimi son zərurətdən irəli gəlməlidir. Bundan başqa görülən tədbir tələbə mütənasib olmalıdır. Hansı ki, icra işinin materiallarından görünür ki, icra sənədi üzrə icraata başlanıldıqdan sonra, tələbin könüllü icrası barədə borluya xx.xx.2021-ci il tarixdə bildiriş verilsə də, bundan sonra nə icra məmuru tərəfindən hər hansı icra hərəkəti aparılmış, nə də tələbkar tərəfindən bu barədə müraciət olmuşdur. Yalnız xx.xx.2024-cü il tarixdə tələbkar tərəfindən icra məmuruna ərizə ilə müraciət edilmiş və bunun davamı olaraq borcludan xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə izahatı alınmışdır. Bunun davamı olaraq, borclunun barəsində inzibati protokol tərtib edilmiş və nəticədə borclu inzibati qaydada cərimə edilmişdir. Həmin vaxtdan etibarən borclu icra sənədini icra etməyə və yaranmış borcu ödəməyə başlamışdır. Göründüyü kimi borclu məhkəmə qətnaməsini icra etməməyə görə artıq inzibati məsuliyyətə bir dəfə cəlb edilmişdir və bundan sonra borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə əsas yaranmamışdır. Bununla bağlı “X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyrimüəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. İcra məmurunun geniş mülahizə sərbəstliyi nəzarətsiz olmamalıdır. “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin məzmununa görə, icra məmurunun mülahizə sərbəstliyi çərçivəsində etdiyi hərəkətlər, o cümlədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat məhkəmə tərəfindən yoxlanılır və bu hüququn müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə müəyyən olunur. Bu qayda konstitusiya hüququna özbaşına müdaxiləyə qarşı təminat kimi çıxış edir. Məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. İcra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki halda təqdimat əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-51/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Mehman Beybutovun təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar