Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-177/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-286/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 5016,67 manat tutularaq X3 xeyrinə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Borclu tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və tələbin icrası barədə borcluya bildirişlər verilmişdir. “Elektronicra” sisteminə əsasən borclunun adına tələbin yönəldilə biləcəyi pensiya növü, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclunun adına əmək müqaviləsi aşkar edilsə də, Borclu izahatında həmin müəssisədə ancaq formal olaraq əmək müqaviləsi bağladığını və əmək haqqı almadığını bildirmişdir. İcra vərəqəsi üzrə 680 manat Borclu tərəfindən ödənilmiş və borc 4336,67 manat təşkil edir. Qətnamənin hissə-hissə icra olunması ilə əlaqədar borclu tərəfindən məhkəməyə ərizə verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən hər ay 200 manat olmaqla Borclu tərəfindən ödənilməsinə dair qərardad qəbul edilmişdir. Lakin, Borclu həmin qərardad üzrə nəzərdə tutulmuş məbləği, yəni 200 manatı da ödəməkdən yayınmışdır. İcra sənədinin icrasına nail olmaq məqsədilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədəmüvafiqdir. Belə ki, xx.xx.2023-cü il tarixdə borclunun izahatı alınan zaman ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair borclunun münasibəti öyrənilmiş və Borclu izahatında səhhəti ilə əlaqədar ölkədən getmək hüququnun məhdudlaşdırılmamasını xahiş etmişdir. İş üzrə tələbkrar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat rədd edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, iddiaçı X7 cavabdeh Borclu qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş avtomobilin bərabər paylarda tərəflər arasında bölüşdürülməsi, iddiaçıya düşən payın və ya avtomobilin real bazar dəyərin olan 9000 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-286/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, 5000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 16,67 manat hissəsinin cavabdeh Borclu tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilməmiş və xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-286/2022 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-332/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, 5000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 16,67 manat hissəsinin cavabdeh Borclu tutularaq iddiaçı X6 ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-286/2022 saylı qətnaməsinin hər ay 200 manat olmaqla hissə-hissə icra etdirilməsi qərara alınmışdır. Həmin qərardad da tələbkar tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu məhkəməyə bildirdi ki, tələbkara olan borcunu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)- 332/2022 saylı qərardadı ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmır, sonuncu ödənişini xx.xx.2023-cü il tarixdə etmiş və bundan sonra da hər ay tələb olunan məbləğdə borcunu ödəmək üçün əlindən gələni edəcək. Ödəmələri vaxtı-vaxtında tam məbləğdə çatdırmamasının üzrlü səbəbləri var. Belə ki, o, ağır ürək xəstəsidir, ürəyi tam olaraq dəyişməlidir, əməliyyata ehtiyacı var. Bu səbəbdən, ağır işdə işləyə bilmir. İki uşaq onun himayəsindədir, birlikdə kirayədə yaşayırlar. Uşaqlar artıq böyükdür, idmançıdırlar, daim hazırlıqlara və məşğlərə gedirlər, bu da kifayət qədər xərc tələb edir, ataları isə onların həyatında hər hansı formada iştirak etmir. Hal-hazırda tələbkar onu xəstəliyi ilə “vurmaq” istəyir. Belə ki, bilir ki, xəstəliyinə görə xaricə getməli ola bilər və hal-hazırda onun ölkədən çıxışına həbs qoyulsa, bu onun ölümünə gətirib çıxaracaq. İş materiallarında olan qəbzlərdən görünür ki, Borclu X6 xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarış(lar)dan görünür ki, Borclu 2010-cu ildə dilatasion kardiomiopatiya diaqnozu qoyulmuş və hal-hazırda xəstəliyin ağırlaşması müəyyən edilmiş, vəziyyəti ağır kimi qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-347/2023 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi (icra məmuru X1) tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Borclu inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. ... Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, borcu ödəməkdən boyun qaçırmır. Məhkəmə qətnaməsinin hissə-hissə icrası üçün məhkəməyə müraciət etmiş və hər ay 200 manat məbləğində ödəniş etmə öhdəliyi müəyyən edilmişdir. Yaşayış yerinin olmadığını, bir müddət kirayədə, hazırda isə qardaşının evində yaşadığını bildirmişdir. Ürək çatışmazlığından əziyyət çəkdiyini, transplantasiyaya ehtiyacı olduğunu, müalicəsini etməyə belə imkanı olmadığını, həkim təyinatı ilə qəbul etdiyi dərmanları qardaşının günəgün güclə aldığını bildirmişdir. İmkanı olduqca 680, 200, 100, 30, 50 manat hissəhissə bugünədək borcundan ödədiyini qeyd etmişdir. Keçmiş həyat yoldaşının onu iki uşağı ilə birlikdə atıb getdiyini və yenidən ailə qurduğunu bildirərək uşaqları ilə maraqlanmadığını, dekabr ayında xəstəxanadan yenicə çıxdığını səhhətinin yaxşı doğru dəyişmədiyini qeyd edərək məhkəmə qərarının icrasından yayınmaq fikri olmadığını, hərr ay imkanı çatan qədər ödəniş etməyə davam edəcəyini biildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. ... Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar X7 məhkəmə iclasında iştirak etməmiş, icra məmuru whatsapp tətbiqi vasitəsi ilə tələbkarın video konfransla iştirakını təmin etməyə cəhd etsə də tələbkar telefon zənglərinə cavab verməmişdir. Məhkəmə iclasının tələbkarın iştirakı olmadan keçirilməsi məqəsədəmüvafiq hesab edilmişdir. … İş materiallarında olan Ambulator Kitabçadan çıxarışdan görünür ki, Borclu xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixlərdə Abdullayev adına X5 İnstitutunda müalicədə olmuşdur. Pasiyentin vəziyyəti 2022-ci ilin aprel ayında orta ağır, 2022-ci ilin dekabr ayında isə ağır olaraq qiymətləndirilmişdir. İş materiallarına məhkəmə iclasında əlavə olunmuş qəbzlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Borclu tərəfindən borcu hissə-hissə ödənilməkdədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə qərarı hissə-hissə icra edildiyindən Borclu əməli təqsirli sayıla bilməz”. Həmin qərarla Borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 №-li Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.2-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təlimatın 2.4-cü bəndinə müvafiq olaraq, təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Təlimatın 2.5-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: - borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; - borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; - bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; - təqdimatla razılaşdıqda onu təsdiq edir. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl ilk növbədə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını da yoxlamalıdır. Hazırkı işin materiallarından borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarının mövcudluğu və həmin halların ümumiyyətlə icra məmuru tərəfindən araşdırılıb-araşdırılmaması müəyyən edilmir. Qeyd olunan məsələlərin aydınlaşdırılması üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Binəqədi rayon İcra şöbəsinə məktub göndərilərək icra işinin məhkəməyə təqdim edilməsi xahiş edilsə və Binəqədi rayon İcra şöbəsində həmin məktub xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, məhkəmə iclası təyin edilmiş gün icra məmuru məhkəmə iclasına gəlməmiş və icra işi məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icra sənədinin icra edilməsinin mübahisəsiz olaraq vacibliyini qəbul etməklə yanaşı hesab edir ki, şəxsin konstitusion hüququnun məhdudlaşdırılması zaman qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar mütləq şəkildə gözlənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatı rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-177/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-177/2023
21.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver