Məhkəmə qərarları › İş №8(001)-195/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-195/2024

15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-195/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1005/2023 saylı icra sənədi üzrə X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1005/2023 saylı qətnaməsinin hissə-hissə, yəni 2508.3 manat borcun ayda 105 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda işləmir və heç bir qazancı yoxdur. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, 1 ildir ki işsizdir, himayəsində 2 azyaşlı uşağı vardır, kirayədə qalır ayda 350 manat ödəniş edir, 2218 manat qalıq borcu olan krediti var və həmin krediti 4 aydır ki ödəyə bilmir, kredit üzrə aylıq 140 manat ödəniş etməlidir, hətta həmin kredit müqaviləsi Prezidentin fərmanı ilə restrukturizasiya da olunmuşdur, ayıq sürücü işləyir və telefon nömrəsini restoranlara verməklə müştəri gözləyir, gündəlik işdən asılı olaraq 15-20 manat qazancı olur, ele hallar olur ki müştərilər daha çox bəxşiş verir, paşa sığortaya müraciət etmiş və ondan borcu birdəfəlik ödəməyi tələb etmişlər, icra məmuru isə onu həbs elətdirəcəyini deyir, başqa əmlakı və gəlir yeri yoxdur, bu səbəbdən imkanı yalnız hər ay hissə-hissə ödəməyə çatır. İcra məmuru və tələbkar icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını öyrənərək, iş materiallarını nəzərdən keçirərək və borclunun əmlak və ailə vəziyyəti ilə bağlı elektron informasiya sistemindən sorğulanmış məlumatları nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1005/2023 saylı qətnaməsinə əsasən cavabdeh X3 2508,30 (iki min beş yüz səkkiz manat, otuz qəpik) manat məbləğində pul vəsaiti və 45,08 (qırx beş manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra 16 mart 2023-cü il tarixdə icraya yönəldilmişdir. Hazırda isə həmin icra sənədi üzrə borclu maddi vəziyyətinin nəzərə alınaraq qətnamənin hissə-hissə icra edilməsini xahiş edir. Elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlardan müəyyən edilir ki, borclunun himayəsində 2016 və 2018-ci il tarixli yetkinlik yaşına çatmayan uşaqları vardır, onun mülkiyyətində olan daşınmaz əşya və ya nəqliyyat vasitəsi aşkar edilmir, əmək müqaviləsi üzrə daimi iş yeri yoxdur, 2218 manat miqdarda kredit öhdəliyi var və həmin kredit müqaviləsi üzrə hər ay 140 manat ödəniş etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Bununla belə məhkəmə borclunun himayəsində 2 azyaşlı uşaqlarının olmasını, onun daimi qazanca malik olmamasını, əmlak vəziyyəti ilə bağlı yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, göstərilən hallar borclunun əlverişsiz vəziyyətdə olmasına dəlalət edir və qanunvericilik məhz bu hallarda qətnamənin icrasının müəyyən vaxta gecikdirilməsini üzrlü hesab edir. Odur ki, məhkəmə borclunun acınacaqlı maddi vəziyyətini, qətnamənin icrasının labüdlüyünü, qətnamənin icra edilmədiyi halda yaranacaq inzibati və ya cinayət məsuliyyətinin qətnamənin icrasına hər hansı yardım etməyəcəyini nəzərə alaraq hesab edir ki, qətnamənin hər ay 105 manat ödənilməklə hissə-hissə icrası mümkün hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, borclunun sonradan əmlak vəziyyətinin yaxşılaşması tələbkarın bu barədə müvafiq tədbir görülməsi ilə bağlı müvafiq müraciətini istisna etmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1005/2023 saylı qətnaməsi əsasında verilən icra sənədi hər ay 105(yüz beş) manat olmaqla hissə-hissə icra edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar