Məhkəmə qərarları › İş №8(001)-243/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-243/2022

18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-243/2022 18.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru İlyas Məmmədovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Binəqədi rayon İcra şöbəsinin icra məmuru İlyas Məmmədov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 266/2021 saylı, 09.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən 09.02.2021-ci il tarixdən başlayaraq hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə 11.02.2021-ci il tarixdə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-266/2021 saylı 09.02.2021-ci il tarixli icra sənədinin məcburi icrası ilə əlaqədar Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4475/2021 saylı, 29.12.2021-ci il tarixli qərarı ilə 500 manat məbəğində inzibati qaydada cərimə edilmişdir. İcra sənədi üzrə Borclu 1410 manat aliment borcu vardır. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında 22.04.2013-cü il tarixli təlimata əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilməsi zərurəti yarandığından borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri tədqiq edib hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4475/2021 saylı, 29.12.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-266/2021 saylı 09.02.2021-ci il tarixli icra sənədini icra etməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbəğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). İcra Haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26.05.2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini uzun müddət könüllü icra etməməsi müəyyən olunduğundan məhkəmə borclunun ölkədən getmək hüququnun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-266/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədi üzrə yaranmış borc ödənilənədək müvəqqəti məhdudlaşdırılmasını mümkün hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-266/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcu tam icra olunanadək Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar