Məhkəmə qərarları › İş №8(001)-298/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-298/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-298/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4227/2021 saylı icra sənədi üzrə icra məmurunun hərəkətsizliyindən X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsinin icrası ilə bağlı Binəqədi rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, qətnamənin icrası ilə bağlı qanuna müvafiq tədbirlərin görülməsinin Binəqədi rayon İcra və Probasiya şöbəsindən tələb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsinə əsasən cavabdeh “X7 AZ” MMC-dən 12200 manat məbləğində pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X1na ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, icra olunması üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icra edilməsi üçün göndərilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq hazırki vaxtadək icra edilməmişdir. Belə ki, borclu X7 AZ” MMC kənd təsərrüfatı texnikalarının satışı ilə məşğul olan cəmiyyət olmaqla ay ərzində texnika satışından cəmiyyətin hesabına 100000 manat vəsait daxil olur. Buna baxmayaraq icra məmuru tərəfindən ona məlum olmayan səbəblərdən borclunun Bank hesablarına sərəncam qoyulmur. Dəfələrlə şifahi və rəsmi qaydada müraciət edilməsinə baxmayaraq icra məmuru buna məhəl qoymur və hərəkətsizlik göstərməkdə davam edir. Bundan başqa “X7 AZ” MMC-nin təsisçisi və direktoru hasan X2 Respublikası vətəndaşı olmaqla, mütəmadi olaraq ölkə sərhədlərini təkr edir və onun ölkə ərazisinə qayıtmama ehtimalı böyükdür. İcra məmuru cəmiyyətin rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı hər hansı tədbir görülmür. Şikayətə baxılması ilə əlaqədar keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna, tələbkara və borcluya müvafiq bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmədə iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti təqdim edilmiş sübutlar əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, hazırki şikayətin əsasını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsinin icrası ilə bağlı Binəqədi rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyi təşkil edir. İlk olaraq qeyd edilməlidir ki, X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X8 AZ” MMC ilə aralarında bağlanmış 23 avqust 2019-cu il tarixli, 2019/15 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə əmlakın alınmasına ödənilmiş 12200 manat pulun və vurulmuş zərərin əvəzi olaraq 54000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)- 4227/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/15 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 12200 manatın və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manatın cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10545/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)- 4227/2021 saylı qətnaməsi yoxlanılan hissədə (cavabdehdən iddiaçının xeyrinə vurulmuş zərərin əvəzi kimi 54000 manatın tutulması tələbinin rədd olunması) ləğv olunmuş, iddia həmin hissədə təmin olunmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 8.3-cü bəndinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Hımin Qanunun 29.1-ci bəndinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Lakin hazırda şikayətçi Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə bağlı tədbirlər görmədiyinə istinad etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməmişdir. Halbu ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən, qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilərkən tələbkarın icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək kimi kifayət qədər hüquqları mövcuddur. Başqa sözlə, hazırda şikayətə icra işinə aid olan və iş üçün əhəmiyyət kəsb edən sənədlər əlavə edilmədiyindən, natamamlıq təşkil edir. Bu natamamlığı isə işə baxarkən tamamlamaq mümkün deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4227/2021 saylı icra sənədi üzrə icra məmurunun hərəkətsizliyindən X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268, 357, 360, 363-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4227/2021 saylı icra sənədi üzrə icra məmurunun hərəkətsizliyindən X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar