Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-307/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, Tələbkar iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 248/2024 saylı icra sənədi üzrə borclu "xxxx" MMC tərəfindən qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-248/2024 saylı qətnaməsinin hissəhissə olmaqla, 1 il ərzində icra olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-248/2024 saylı qətnaməsinə əsasən tutulacaq pul məbləğinin birdəfəlik ödəməyə maliyyə imkanları yol vermir. Belə ki, qətnamə üzrə məbləğin hesabdan birdəfəlik ödənilməsi, şirkətin gündəlik fəaliyyətində ciddi problemlər yaradacaq, o cümlədən gündəlik reysə çıxan avtobuslar üçün ayanacaq alınması qeyrimümkün olacaqdır. Bu hallar nəzərə alınmaqla, tələb edilən məbləğin hissə-hissə, ayda 921,23 manatdan az olmamaqla, 1 il ərzində ödənilməsi mümkündür. Məhkəmə iclasında iştirak edən tələbkar izahatında bildirmişdir ki, ərizənin təmin edilməməsini xahiş edir. Belə ki, şirkət respublika ərazisində kifayət qədər nüfuza sahibdir və dövriyyəyə buraxdığı 423 ədəd avtobusu var. Hansı ki, təkcə 1 avtobusun qiyməti 400000 manatdır. Rəhbərliyin şəxsi istifadəsində olan avtomobil isə 400000 dollardır. Göründüyü kimi, şirkətin əslində tələb edilən məbləği ödəmək qabiliyyəti vardır. Tələbkar ərizəyə yazılı etirazında göstərir: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-248/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməyən əmək haqqının əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat, əmək haqqının gecikdirilməsinə görə 2250 (iki min iki yüz əlli) manat, məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304.8 (bir min üç yüz dörd manat, səksən qəpik) manat məbləğində və nümayəndəyə göstərdiyi hüquqi xidmətin əvəzi olaraq 161 (bir yüz altmış bir) manat, ilkin mediasiya sessiyasında xərcinin əvəzi qismində 50 (əlli) manat olmaqla cəmi 11265.80 (on bir min iki yüz altmış beş manat səksən qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilməmiş və xx.xx.2024-cü il 2(103)-3711/2024 saylı qərardad ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-248/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin qətnamədən verdiyi kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası təmin etməmiş və xx.xx.2024-cü il tarixli, 2(102)-3537/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3711/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmiş, 14 fevral 2025-ci il tarixdə e-2(001)-248/2024 nömrəli iş üzrə İcra vərəqəsi imzalanaraq icraya yönəldilmişdir. Cavabdeh absurd bəhanələr gətirməklə məhkəməyə ərizə ilə müraciət edərək "İcra haqqında" Azərbaycan Respublikasının qanununun 15-ci maddəsinə əsasən icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq qətnamənin hissə-hissə 1 (bir) il ərzində icra edilməsi barədə (möhlət verilməsi) qərardad çıxarılmasını xahiş etmışdir. Bildirir ki, hüquqlarını pozaraq, 5 ay əmək haqqı və məzuniyyət pulunun ödənilməməsi səbəbilə işdən çıxmaq məcburiyyətində qaldığı "xxxx" şirkətinin 1 (bir) il müddətində hər ay 921,23 (doqquz yüz iyirmi bir manat 23 qəpik) manat məbləğində ödəniş edilməklə qətnamənin hissə-hissə icra edilməsi təklifi onun (tələbkar) qanunla qorunan mənafelərimi, pozulmuş hüquqlarımın real müdafiəsi müddətini uzatdığına və hüquqlarımı məhdudlaşdırdığına görə qəbuledilməzdir. Məlumat üçün bildirir ki, borclu "xxxx", MMC-nin tabe olduğu "Safa Holdinq"ə də rəhbərlik edir. "xxxx"ndan başqa "Safa Holdinq"in tərkibində "Safa Plaza", "Safa Beauty and Spa", "Safa Restoran", "Safastore" və "Safa İnşaat" da fəaliyyət göstərir. “Xaliq Faiqoğlu" şirkətinin mülkiyyətində hazırda 423 avtobus var və 800 nəfərdən çox işçi heyəti ilə "xxxx" şirkəti Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsindəki ən böyük özəl daşıyıcı şirkətdir. "xxxx" şirkəti 2015-ci ildən etibarən avtobus parkının ən müasir tələblərə "Avro-5" və "xxxx" standartlarına cavab verən nəqliyyat vasitələri ilə yenilənməsinə başlayıb. MMC Türkiyənin qabaqcıl avtobus istehsalçılarından olan "Otokar Savunma Sanayi A.Ş"-dən müasir emissiya standartlarına tam cavab verən avtobusların alınması layihəsini icra edir. Layihə çərçivəsində gətirilməsi nəzərdə tutulan 120 ədəd iritutumlu müasir AVRO-6 standartlarına cavab verən, ekoloji təmiz CNG yanacaq mühərrikli "OTOKAR KENT LF CNG" markalı avtobusların 50 ədədi gətirilərək artıq istismara verilmişdir. "xxxx" şirkəti avtobus parkının yenilənməsi istiqamətində ardıcıl həyata keçirdiyi layihələr çərçivəsində istismara qəbul edilməsi nəzərdə tutulan 50 elektrik avtobusun ilkin hissəsini də idxal edərək istifadəyə vermişdir. Yeni alınmış 100 faiz elektrikli bu avtobusların hər biri gün ərzində 300 kilometrdən artıq yol qət edə bilmə imkanına sahibdir ki, bu da şirkətin gəlirlərinin daha da artmasında öz töhfəsini verəcəkdir. "xxxx" şirkətinin maliyyə imkanları artdıqca xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması və əməkdaşların sosial rifahının yüksəldilməsi məqsədilə sürücülərə ödənilən aylıq əməkhaqqını artırıb. Şirkətin idarə heyətinin müvafiq qərarı ilə, xx.xx.2024-cü ildən etibarən istismar edilən müntəzəm marşrut xətləri üzrə sürücülərin aylıq məvacibi ortatutumlu avtobuslarda 1098 manat, iritutumlu avtobuslarda 1252 manat, xüsüsilə iritutumlu avtobuslarda isə 1424 manat (1 növbə üzrə) müəyyən edilib. Əlavə olaraq əmək fəaliyyətində fərqlənən sürücülərə birdəfəlik mükafatların verilməsi də nəzərdə tutulur. Bundan əlavə "xxxx" şirkətinin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, daxilində SOCAR və "xxxx" MMC tərəfindən müasir yanacaqdoldurma məntəqəsi qurulmuş iki istehsalat bazası eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsini, həmçinin onlara texniki xidmətin göstərilməsinin mümkün edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, borclu "xxxx" MMCnin iqtisadi durumunun və maliyyə imkanlarının kifayət qədər yüksək səviyyədə olduğu qənaətinə gəlmək olar. Göründüyü kimi dövriyyəsi milyon manatlarla ölçülən sanballı bir şirkətin, hüquq və azadlıqlarını pozmuş, əmək haqqı və məzuniyyət haqqını ödəmədiyi əməkdaşına, iki məhkəmə qətnaməsi və bir məhkəmə qərarından sonra ödəməli olduğu 11265.80 (on bir min iki yüz altmış beş manat səksən qəpik) pul məbləğinin kifayət qədər yüksək olduğunu, həmin borcun birdəfəyə ödənilərsə öz fəaliyyətinin tənzimlənməsində maliyyə cətinlikləri yaratmaqla, onun dövlət, eyni zamanda həm iddiaçının, həm də digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin icrasına mane ola biləcəyini, birdəfəlik ödəməyə maliyyə imkanlarının yol vermədiyini, məbləğin hesabdan birdəfəlik ödənilərsə şirkətin gündəlik fəaliyyətində ciddi problemlər yaradacağını, o cümlədən gündəlik reysə çıxan avtobuslar üçün yanacaq alınmasının qeyri mümkün olacağını, həmin məbləğin nəhəng bir şirkəti az qala çökdürmə ehtimalında göstərilməsi layiqsiz bəhanə, gülünc arqumentdir. Əməkdaşına işlədiyi müddətdə əmək haqqı verməyən bir şirkətin bu hallar nəzərə alınaraq, tələb olunan məbləği hissə-hissə ayda 921,23 (doqquz yüz iyirmi bir manat 23 qəpik) manatdan az olmamaqla 1 (bir) il ərzində ödənilmə mümkünlüyünü bildirməsi, heç bir məntiqə sığmayan absurd əsaslandırmadır və ödənişin müddətini uzatmaq məqsədi daşıyır. İcra məmuru və borclu icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında məhkəmə müdafiəsi hüququnun məzmunu barədə formalaşmış mövqe ondan ibarətdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalıdır. O, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e- 2(001)-248/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməyən əmək haqqının əvəzi olaraq 7500 manat, əmək haqqının gecikdirilməsinə görə 2250 manat, məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304.8 manat məbləğində və nümayəndəyə göstərdiyi hüquqi xidmətin əvəzi olaraq 161 manat, ilkin mediasiya sessiyasında xərcinin əvəzi qismində 50 manat olmaqla cəmi 11265.80 məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda borclu həmin vəsaitin 1 il ərzində aylıq hər ay 921,23 manat olaraq hissəhissə icra edilməklə icra qaydasının müəyyən edilməsini xahiş edir. Hansı ki, bu üsul əslində sanki işçiyə aylıq əmək haqqının ödənilməsi deməkdir. Lakin qeyd edilməlidir ki, borclunun təklif etdiyi qaydada icra qaydası onun ödəniş qabiliyyətinə münasibətdə real deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında məhkəmə mübahisəsi onsuz da ödənilməmiş əmək haqqı ilə bağlı olmuş, məhkəmə qətnaməsi ilə həmin məbləğin hesablandığı qaydada birdəfəlik ödənilməsi tələb edilmişdir. Odur ki, göstərilən icra qaydası həm yuxarıda sadalanan normaların mahiyyətinə, həm də təlbkarın mənafeyinə uyğun deyil. Beləliklə məhkəmə hesab edir ki, borclunun hissə-hissə icra edilmə barədə irəli sürdüyü təklif əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 248/2024 saylı icra sənədi üzrə borclu "xxxx" MMC qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-307/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-307/2025
22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver