Məhkəmə qərarları › İş №8(001)-318/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-318/2025

13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-318/2025 13.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyədin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Tələbkar Tələbkar, Borclu X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-138/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi və aliment borcunun ödənilmiş hissəsinin silinməsinə dair X2 ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-138/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə əlaqədar 30 noyabr 2022-ci il tarixdən başlayaraq 29 mart 2023-cü il tarixinədək hesablanmış aliment borcunun silinməsi, qalan aliment borcunun qızı X4 adına açılacaq bank hesabına ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-138/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı qətnaməsi ilə onunla Tələbkar arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçı Tələbkar yanında saxlanılması və 30 noyabr 2022-ci il tarixdən başlayaraq (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulan məbləğ nəzərə alınmaqla) cavabdeh X1 xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Onun əvvəlki dövrdən qalan toplanmış aliment ilə bağlı icra məmuru və Tələbkar çox narahat edirlər. Lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qızı Esma Camal və keçmiş həyat yoldaşı Tələbkar onunla birlikdə ünvan 1 ünvandakı yerləşən mənzildə birlikdə yaşamışlar və onlar ev təsərrüfatını birgə aparmışlar. Nikah dövründə Tələbkar işləmədiyi üçün həmin 4 aylıq dövr ərzində o qızının bütün ehtiyaclarını qarşılamış, onunla bağlı bütün xərcləri çəkmişdir. Bundan əlavə qızının özəl bağçaya getməsi üçün lazım olan vəsaiti kredit olaraq götürüb ödəmişdir. Qızının qeyd edilən dövrdə onunla yaşadığını və bütün xərcləri onun qarşıladığını anası X3, bacısı X7, hətta Tələbkar təsdiq edə bilər. Belə olan halda hesab edir ki, icra məmuru tərəfindən 30 noyabr 2022-ci il tarixindən başlayaraq ona aliment borcu hesablanması qanunsuz və əsassızdır. Hesab edir ki, 4 aylıq dövr üzrə aliment borcu artıq hesablandığından silinməlidir. Nəzərə alınsa ki, aliment onunla birlikdə yaşamayan uşağın saxlanılması üçün ödənilir, onunla birlikdə qalan və xərclərini qarşıladığı qızı üçün ondan iki dəfə aliment tələb olunması tamamilə yolverilməzdir. Əlavə olaraq qeyd edir ki, hesablanmış borcdan bir hissəsi silindikdən sonra qalan borcun hissəhissə icra olunması barədə icra icraatı qaydasında tərəfindən ərizə verilmişdir və icra işi üzrə icraat hələ də davam etdirilir. Bundan başqa qeyd etmişdir ki, o, yenidən evlənmişdir və ailəsinin ehtiyaclarını da qarşılamalıdır. Hazırki maddi vəziyyəti də artıq hesablanmış aliment borcunu ödəməyə imkan vermir. Bundan başqa aliment üzrə borc məbləğini qızının adına açılacaq bank hesabına qoymaq istəyir. Belə ki, həmin vəsaitin ondan tutularaq birbaşa Tələbkar ödənilməsi qızının mənafelərinə uyğun deyildir. Çünki qızına aylıq 2000 manatdan çox aliment ödəyir və bu vəsait qızının aylıq xərclərinin qarşılanması üçün artıqlaması ilə kifayət edir. Qızı hazırda özəl məktəbdə təhsil alır ki, bu məktəbin illik təhsil haqqı 10.000 manat təşkil edir. Təhsil xərclərinə aylıq 833 manat xərcləndiyi nəzərə alınarsa qalan 1167 manatla qızının bütün aylıq xərcləri qarşılana bilir. Həmçinin nəzərə alınmalıdır ki, qızının tibbi sığortası onun iş yerindən təmin edilir. Bu da o deməkdir ki, qızının sağlamlığı ilə də bağlı Tələbkar heç bir əlavə xərc çəkmir. Bundan əlavə aliment ödədiyi dövrdə qızı ilə bağlı heç bir əlavə xərc ortaya çıxmamışdır. Bu halda qızına aliment olaraq ödəyəcəyi vəsaitin qızının mənafeyinə xərclənməyəcəyi, əksinə bu pulun Tələbkar tərəfindən öz mənafeyinə istifadə ediləcəyi aydın olur. Belə ki, Tələbkar xaricə səfərlərə gedib və getməyi planlaşdırır. Belə səfərlərin çalışdığı iş yerindən aldığı 300 manat əmək haqqı ilə qarşılana bilməyəcəyi aydındır. Üstəlik Tələbkar indiyə kimi onunla məhkəmə çəkişmələrinə vəkillərə xərclər çəkir. Bu xərclər hər bir halda öz əmək haqqı hesabına qarşılanmayıb, onun ödədiyi alimentlərin hesabına ödənilir. Bu o deməkdir ki, həm indiyə kimi onun ona ödədiyi alimentlərdən ona qarşı istifadə edir, eyni zamanda ondan alınacaq vəsait məhz onun gələcək səfərlərini maliyyələşdirməyə istifadə ediləcəkdir. Bu da əlbəttə qızının mənafeyinə tamamilə ziddir. Məhkəmə iclasında iştirak edən X6 ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, aliment borcu silinməlidir. Aliment borcunun silinməsini xahiş etdiyi dövr ərzində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək o, tələbkarla bir evdə yaşamış və evin, ailənin bütün xərclərini qarşılamışdır. Hesab edir ki, əgər həmin dövr ərzində ailənin xərclərini o qarşılamışsa, ikinci dəfə həmin pul ondan tutula bilməz. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək bildirdi ki, ərizə əssasızdır və rədd edilməlidir. Belə ki, iddiaçının alimentin silinməsini tələb etdiyi dövrdə onların münasibətləri pozulmuş, həmin vaxt özü işlədiyi üçün ailənin tələbatını da özü qarşılamışdır. Cavabdeh həmin dövrdə onlara köməklik etməmişdir, ola bilər ki, bir-iki dəfə cüzi bazarlıq etmişdir. Uşağının mənafeyinə uyğun olaraq həmin dövrdə, eləcə də boşandıqdan sonra ünsiyyətdə olmaları onların birgə yaşaması, birgə təsərrüfat aparması demək deyildir. Daha sonra göstərmişdir ki, ərizəçi tərəfindən ödənilmiş alimentin uşağın tələbatlarına (məktəbə, kurslara, geyim əşyalarına və s.) sərf olunmasına dair qəbzləri mütəmadi olaraq ona göndərir. Qeyd edilənlərə əsasənərizənin təmin edilməməsini xahiş etdi. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq icra məmuru məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ərizədən görünür ki, ərizəçinin əsas istəyi 30 noyabr 2022-ci il tarixdən başlayaraq 29 mart 2023-cü il tarixinədək hesablanmış aliment borcunun silinməsidir. Məhkəmə ərizə ilə əlaqədar aşağıdakəları qeyd edir. Ailə Məcələsinin: 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1-109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Məhkəmə qeyd edir ki, alimentin hesablanma tarixi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur və ərizəçinin tələbi məhz həmin tarixdən etibarən icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. Buna görə də ərizəçi 30 noyabr 2022-ci il tarixdən başlayaraq 29 mart 2023-cü il tarixi aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-138/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra vərəqəsi ilə əlaqədar 30 noyabr 2022-ci il tarixdən başlayaraq 29 mart 2023-cü il tarixinədək hesablanmış aliment borcunun silinməsinə dair ərizəsi təmin edilə bilməz. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 aliment borcunun silinməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar