Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-325/2023 08.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, X2, Tələbkar İddiaçı iştirakları ilə, X2 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan pulun hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “borcun qaytarılması tələbi”nə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5371/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan cəmi 20.000 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Halbuki, həmin borcun bir hissəsinin yəni 4500 manat məbləğinin cavabdehin əməkdaşları tərəfindən götürülməsi zamanı sənədlər imzalanmışdır. İddiaçının buna dair hər hansı qəbz, yazılı məktub, rəsmi sənədə imza atmadığını əsas götürərək, həmin ödənişləri sübuta yetirə bilməyəcəyini ehtimal edərək ondan müqavilə üzrə borcu tam tələb etməklə məhkəməyə müraciət etmiş, bununla bağlı onu ağır maddi vəziyyətə salmışdır. Göstərilən şəxslə əməkdaşlığı pandemiya və İddiaçı qurduğu iş prosesini başqa şəxslərə satması səbəbindən dağılmış, uzun müddət işsiz qalmağına və çox miqadarda ziyan etməyinə səbəb olmuşdur. Ərizə ilə məhkəməyə müraciət edərək bildirmək istəyir ki, məhkəmə qətnaməsində göstərilən məbləği bir dəfəyə ödəməyə onun maddi imkanı yoxdur, hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti çox çətindir. Qətnamə üzrə borcu ödəməkdən yayınmır, qətnaməni 60 ay müddətinə, ayda 300-500 manat hissə-hissə ödəməyə hazırdır. İcra və Probasiya şöbəsinin bütün çağırışlarına vaxtı-vaxtında getmişdir. Bu ay ərzində 17 mart, 27 mart və 30 mart tarixlərində Şöbədə olmuşdur. Həmişə borcu hissə-hissə ödəməsini icra məmuruna bildirsə də, o, bunu qəbul etməmiş və borcun tam bir dəfəyə ödənilməsini bildirmiş, hətta bir dəfəyə ödəməyəcəyi təqdirdə onu 15 gün həbs edəcəyi hədəsi ilə qorxutmuş, barəsində cinayət işinin açılması istiqamətində tədbirlər görəcəyini bildirməkdədir. Məhkəmənin diqqətinə çatdırır ki, o, məhkəmənin sözügedən qətnaməsinin icrasından yayınmır, icranı həyata keçirməsinə mane olan əmlak vəziyyətinə istinad edərək məbləği hissə-hissə ödəməyə icazə verilməsini Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Heydər Bəxtiyarzadəyə dəfələrlə bildirmiş, bu gün ki, günə qədər müsbət cavab almamışdır. Məhkəmə icrlasında iştirak edən borclu ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, hər ay 800 manat məbləğində tələbkara ödəniş edə bilər. Məhkəmə iclasında iştirak edən tələbkar ərizəyə etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 5371/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh Hasan Bakaydan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 20.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Hasan Bakay tərəfindən məhkəmə icraçıları hesabına (təyinat İddiaçı göstərilməklə) 300 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin №170004/18-3 saylı məktubundan və ona əlavə edilmiş icra işin materiallarından görünür ki, Suraxanı rayon icra şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun icraatında borclu Bakay Hasan barəsində icra işi var və onun barəsəində icra tədbirləri görülür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, borclu maddi imkanının qətnamənin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən yaranmış borcun hissə-hissə icrasını xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən borclu ilə yanaşı, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Hazırda da tələbkar ərizəyə etiraz edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi əsassız hesab edilməli və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №8(001)-325/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-325/2023
08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver