Məhkəmə qərarları › İş №8(001)-329/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-329/2025

08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-329/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, X1, Borclunun nümayəndəsi Nümayəndə, Maraqlı şəxs1 böyük icra məmuru X5 iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4338/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs1 icra məmuru Şakir Bahadırovun xx.xx.2025-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini, icraatın davam etdirilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icraatında olan e29538/2025-14-31 saylı icra işi (icra sənədinin nömrəsi 2(001)- 4338/2024-010) üzrə tərəf kimi iştirak edir, Bakı şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla razı deyil, çünki borc tam ödənilməyib. Belə ki, məcburi iş buraxma müddətinə görə ona aylıq 712 manat əmək haqqı, tutmalardan sonra isə 540 manat ödənilməli idi. Bu əsasda 12 ay üçün ümumilikdə 8544 manat (brüt), xalis olaraq isə 6480 manat ödənməlidir. Lakin əsassız olaraq ona 8544 manat əvəzinə 6695,68 manat hesablanmış, ondan da tutmalar çıxılaraq cəmi 4794,58 manat ödənilmişdir. Beləliklə, ona ödənilməli olan 1685,42 manat məbləğ hələ də verilməmişdir. Bu fərq borclu tərəfindən gecə növbəsinə çıxmamağı ilə izah edilsə də, ona yalnız məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi nəzərdə tutulub və gecə növbəsi məsələsi bu ödənişə aid deyil. Göründüyü kimi, icra məmuru tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır, bu səbəbdən həmin qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu şikayəti qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra məmuru şikayəti qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, icra işinin materiallarına olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4338/2024 saylı icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli № 57/K saylı əmrinin ləğv edilməsi, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Maraqlı şəxs2 Lənkəran qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa edilməsi, iddiaçı X6 məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Maraqlı şəxs2 tərəfindən ödənilməsi qət edilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-4338/2024 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Qərarda göstərilmişdir ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli, 106/k saylı əmrinin surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 57/K nömrəli əmri ləğv edilmiş, X2 qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa edilmiş, xx.xx.2023-cü il tarixdən işə bərpa olundğu günə qədər – xx.xx.2024-cü il tarixinədək məcburi işburaxma müddəti üçün hesablanmış əməkhaqqının X6 ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, X8 Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin Lənkəran qrupunun böyük atıcısı vəzifəsinə xx.xx.2024-cü il tarixdən işə bərpa edilmiş və məcburi işburaxma müddətinə görə 6695,68 manat məbləğində əmək haqqı hesablanmış və işçidən tutulmalar (MDSS 3% - 200,87 manat, Gəlir vergisi 14% - 1398,92 manat, İşsizlikdən sığorta haqqı 0,5% - 33,48 manat, İcbari tibbi sığorta haqqı 2% - 133,91 manat, Həmkarlar üzvlük haqqı – 133,91 manat) tutulduqdan sonra əmək haqqı kart hesabına 4794,58 manat məbləğində ödəniş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir; 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir; 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır; 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Tədqiq edilmiş icra işindən müəyyən olundu ki, hazırda tələbkarın şikayətdə göstərilən dəlilləri araşdırılmış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-4338/2024 saylı icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi Binəqədi rayon İcra şöbəsinə həvalə edilmişdir. Həmin icra sənədi üzrə tələb tam şəkildə icra olunduğundan, icra şöbəsinin icra məmuru da haqlı olaraq xx.xx.2025-ci il tarixdə qərar qəbul etməklə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(001)-4338/2024 saylı icra sənədi üzrə icraata xitam vermişdir. Məhkəmə araşdırılması zamanı, həmçinin müəyyən olunmuşdur ki, X8 işdən azad olunan zaman Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin Lənkəran qrupunun böyük atıcısı vəzifəsində işləmiş və məhkəmə qətnaməsi ilə həmin vəzifəyyə işə bərpa olunmuşdur. İşdən azad olunarkan və işə bərpa olunarkan onun vəzifə maaşı 546 manat olmuşdur. İcra məmuru icra sənədini icra edərkən həmin məbləğə uyğun hesablamalar aparmış və bu səbəbdən də icra sənədi tam icra olunduğuna görə icraata xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-4338/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırovun xx.xx.2025-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət rədd edilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4338/2024 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırovun xx.xx.2025-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar