Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-346/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi ilə Borclu "xxxx" MMC-nin Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Şakir Bahadırovun xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Borclu "xxxx" MMC Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Binəqədi rayon İcra Şöbəsinin böyk icra məmuru Şakir Bahadırovun xx.xx.2025-ci il tarixli qərar qəbul edərək, borclunun banklardakı pul vəsaitinin üzərinə həbs qoyulması və tələbin həmin pul vəsaitinə yönəldiməsinə dair qərarının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e- 2(001)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən ödənilməyən əmək haqqının əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat, əmək haqqının gecikdirilməsinə görə 2250 (iki min iki yüz əlli) manat, məzuniyyət gününün son haqqhesabının əvəzi olaraq 1304.8 (bir min üç yüz dörd manat, səksən qəpik) manat olmaqla cəmi 11054,80 (on bir min əlli dörd manat 80 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Tərəfimizdən Binəqədi rayon Məhkəməsinə müraciət olunaraq (hakim İlkin Əliyev) borcun 1 (bir) il müddətində hər ay 921,23 (doqquz yüz iyirmi bir manat 23 qəpik) manat məbləğində ödəniş edilmək üçün qətnaməyə möhlət verilməsi xahiş olunmuşdur.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. "İcra haqqında" Azərbaycan Respublikasının qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ərizə icraata qəbul edilmişdir və iş üzrə 8(001)-307/2025 saylı ərizəyə (hakim İlkin Əliyev) baxılması xx.xx.2025-ci il tarixə, saat 11:00 təyin edilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov xx.xx.2025-ci il tarixli qərar qəbul edərək borclunun banklardakı pul vəsaitinin üzərinə həbs qoyulması bə tələbin həmin pul vəsaitinə yönəldilməsi" barədə qərar qəbul etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və icra işi materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş icra işindən olan sübutlar: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-248/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməyən əmək haqqının əvəzi olaraq 7500 manat, əmək haqqının gecikdirilməsinə görə 2250 manat, məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304.8 manat məbləğində və nümayəndəyə göstərdiyi hüquqi xidmətin əvəzi olaraq 161 manat, ilkin mediasiya sessiyasında xərcinin əvəzi qismində 50 manat olmaqla cəmi 11265.80 məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Maraqlı şəxs icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-248/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10 gün müddətində könüllü icrası tələb edilmiş, həmin qərar və bu barədə bildiriş xx.xx.2025-ci il tarixində borclunun ünvanına göndərilmişdir. Maraqlı şəxs icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli borclunun manatla və ya xarici valyutada olan pul vəsaitlərinin üzərinə həbs qoyulması və borclun həmin pul vəsaitlərinə yönəldilməsi haqqında qərara görə, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət və xarici valyuta ilə olan pul vəsaitlərinin 11365,8 manat məbləğində və 795 manat həcmində üzərinə manat ekvivalentinə uyğun həbs qoyulması, həmin həcmdə satışı bank və qeyri-bank təşkilatlarına həvalə edilərək, borc tələbi həmin pul vəsaitlərinə yönəldilməklə, köçürülməsinin təmin edilməsi qərara alınmışdır. Maraqlı şəxs icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icra ödənişinin alınması barədə qərara görə, borclu tərəfindən icra sənədinin icrası ona verilmiş müddət ərzində təmin edilmədiyindən, borcludan 795,60 manat icra ödənişinin alınması qərara alınmışdır. 46576/2025-14 saylı, xx.xx.2025-ci il tarixli inkasso sərəncamına görə, 11365,8 manat məbləğində pul vəsaitinin Binəqədi rayon İcra Şöbəsinin hesabına 7 gün müddətində köçürülməsi "xxxx" ASC-dən tələb edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 17.1.4-cü maddəsində qeyd edilmişdir ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. 46.2-ci maddəsinə əsasən icra məmuru borclunun Azərbaycan Respublikasında xarici valyuta satmaq hüququ olan banklarda və ya başqa kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan xarici valyuta ilə pul vəsaitləri üzərinə həbs qoyur və öz qərarı ilə xarici valyutanın bu Qanunun 45.7-ci maddəsində nəzərdə tutulmuş həcmdə satışını həmin banka və ya digər kredit təşkilatına həvalə edir. 56.3-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Göründüyü kimi icra məmuru icra sənədinin icrasına nail olmaq üçün xx.xx.2025-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası barədə bocluya bildiriş ünvanlamışdır. Lakin tələb könüllü icra müddətində icra edilməmişdir. Bu səbəbdən borclu məcburi icra tədbirləri həyata keçirmişdir. Borclu məhkəməyə qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə müraciət etdiyinə əsaslanaraq, icra məmurunun hərəkətlərinin qanunsuz olduğunu iddia etsə də, qeyd edilməlidir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsi qətnamənin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsini özündə ehtiva etmir. Həmin normanın məzmunundan da aydın olduğu kimi burada icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair iddia qaydasında mübahisə açılmasından söhbət gedir. Bundan əlavə, borclunun nəzərinə çatdırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-307/2025 saylı qərardadı ilə borclunun sözügedən ərizəsi təmin edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, borclu "xxxx" MMC-nin icra məmurunun borclunun banklardakı pul vəsaitinin üzərinə həbs qoyulması və tələbin həmin pul vəsaitinə yönəldiməsinə dair xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət əsaslı olmadığından təmin edilməməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin icra məmurunun borclunun banklardakı pul vəsaitinin üzərinə həbs qoyulması və tələbin həmin pul vəsaitinə yönəldiməsinə dair xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-346/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-346/2025
02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver