Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-351/2023 02.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin borclunun icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyev Borclu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin inzibati binasına məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə icra məmurunun icaatına daxil olmuş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 18 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1.695,77 manat məbləğində əsas, 129,49 manat məbləğində faiz, 10,43 manat məbləğində cərimə, cəmi 1.835,69 manat məbləğində kredit borcu, habelə ödənilmiş 38,36 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Borclu və X1 müştərək qaydada iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli, icraata başlamaq haqqında qərar poçt vasitəsilə göndərilərək qanunvericiliyə uyğun könüllü icra müddəti müəyyən olunmuşdur. Eləcə də, xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu və xx.xx.2023-cü il tarixli “Borclunun məcburi gətirilməsinə dair” qərar qəbul edilərək tərəflərə məlumat üçün göndərilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına dəvət olunmasına baxmayaraq icra sənədi üzrə tələbi yerinə yetirməkdən yayınır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. Tələbkar Binəqədi Rayon İcra Şöbəsinə müraciət edərək borclu barəsində icra sənədinin icrasını təmin etmək məqsədilə qanuna müvafiq tədbirlərin görülməsini, borclunun məcburi qaydada icra şöbəsinə gətirilərək inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş üzrə tələbkrar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Borclu məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, İcra şöbəsinə getmək üçün məhkəmədən vaxt istəmiş, məhkəmə tərəfindən borcluya İcra şöbəsinə yaxınlaşmaq üçün şərait yaradılmış, lakin borclu hazırkı məhkəmə iclasına gəlməmiş, İcra şöbəsindən də məhkəməyə hər hansı sənəd/məlumat daxil olmamışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, lakin tələb onun tərəfindən icra edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5204/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yaşayan Borclu icra yerinə, yəni Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 5204/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yaşayan Borclu icra yerinə, yəni Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-351/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-351/2023
02.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver