Məhkəmə qərarları › İş №8(001)-353/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-353/2025

02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-353/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6434/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Xəqani Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6434/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 28 sentyabr 2021-ci il tarixli, ******* saylı müqavilə üzrə cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə əsas borc 541,8 (beş yüz qırx bir) manat, cərimə 54,2 (əlli dörd manat, iyirmi qəpik) manat olmaqla, cəmi 596 (beş yüz doxsan altı) manat məbləğində borc tutulsun. 28 sentyabr 2021-ci il tarixli, ******* saylı müqavilə üzrə cavabdeh Borclu iddiaçı "ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə əsas borc 53 (əlli üç) manat, cərimə 5 (beş) manat olmaqla, cəmi 58 (əlli səkkiz) manat məbləğində borc tutulsun. 18 oktyabr 2021-ci il tarixli, ******* saylı müqavilə üzrə cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə əsas borc 345 (üç yüz qırx beş) manat, cərimə 34 (otuz dörd) manat olmaqla, cəmi 379 (üç yüz yetmiş doqquz) manat məbləğində borc tutulsun. Cavabdeh Borclu iddiaçı "ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 30,33 (otuz manat, otuz üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Xəqani Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir . Təqdimat onunla əsaslandırılmışdır, icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə yönləndirilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanması üçün aidiyyəti orqanlara sorğular göndərilmişdir. Tələbkarın nümayəndəsi elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İcra məmuru isə məhkəmə iclasında iştirak etməsə də, icra işini qovluq şəklində məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri, o cümlədən icra işinin materiallarını nəzərdən keçirərək o qənaətə gəlir ki, təqdimat əsaslı olmadığından rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2-ci bəndində göstərilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra işindən müəyyən edilir ki, icra sənədi üzrə borcludan 1033 manat tutulmalıdır, qalıq borc xx.xx.2024-cü il tarix üçün 864 manat təşkil edir və icra məmuru borclunun əmək haqqından 50 faiz tutularaq, tələbkarın hesabına ödənilməsi barədə borclunun işəgötürəni X1 məktub ünvanlamışdır. Göründüyü kimi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi halı yoxdur. Eyni zamanda təqdimat mütənasiblik prinsipi baxımından da əsassızdır. Belə ki, 700-800 manat icra sənədi üzrə borca görə borclunun ölkə hüdudlarını tərk etmək təhlükəsi və belə məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyi ağlabatan hesab edilə bilməz. Bununla bağlı “X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyrimüəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. İcra məmurunun geniş mülahizə sərbəstliyi nəzarətsiz olmamalıdır. “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin məzmununa görə, icra məmurunun mülahizə sərbəstliyi çərçivəsində etdiyi hərəkətlər, o cümlədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat məhkəmə tərəfindən yoxlanılır və bu hüququn müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə müəyyən olunur. Bu qayda konstitusiya hüququna özbaşına müdaxiləyə qarşı təminat kimi çıxış edir. Məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. İcra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6434/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Xəqani Əliyevin təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar