Məhkəmə qərarları › İş №8(001)-382/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-382/2025

12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-382/2025 12.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Elvin Mansurovun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3082/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Elvin Mansurovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Elvin Mansurov təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3082/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmurunun təqdimatı onunla əsaslandırılmışdır ki, icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3082/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X4 anası Tələbkar yanında saxlanılmalı, Borclu xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmalarından ötrü, hər biri üçün 93 manat olmaqla, ümumilikdə 279 (iki yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. İcra sənədi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən icra məmuru Elvin Mansurov verdiyi izahatında bildirdi ki, borclu tərəfindən icra sənədi icra olunmur. Təqdimat əsasında borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilmiş, lakin icra üçün göndərilməmişdir. Borclu icra sənədini könüllü icra etmədiyindən və ölkə xaricinə tez-tez çıxış etdiyindən təqdimatın təmin edilməsini xahiş etdi. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan təqdim edilmiş materiallar əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri icra işi ilə birlikdə tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 №-li Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.2-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təlimatın 2.4-cü bəndinə müvafiq olaraq, təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Təlimatın 2.5-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: - borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; - borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; - bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; - təqdimatla razılaşdıqda onu təsdiq edir. Göründüyü kimi, icra sənədinin könüllü icra edilməsinə dair bildiriş borcluya rəsmi qaydada təqdim edilmiş, borclunun mülkiyyətində olan 5 minik avtomobil üzərinə icra məmurunun qərarı əsasında məhdudiyyət, məhkəmənin qərardadı əsasında həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda şərh olunan hüquq norması (84-1 maddə) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun “Məhkəmə və digər orqanların qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunvericiliyinin pozulmasına görə məsuliyyət” fəslində əks olunmuşdur. Bu onu göstərir ki, “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” borclunun barəsində tətbiq olunması nəzərdə tutulan məsuliyyət tədbiridir. Hüquqi mövqeyə görə şəxsin məsuliyyəti o halda yaranır ki, onun təqsiri sübuta yetirilmiş olsun. Bununla yanaşı nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3082/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Elvin Mansurovun təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar