Məhkəmə qərarları › İş №8(001)-395/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-395/2025

26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-395/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X3 icra məmurunun hərəkətlərindən şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh X2 xx.xx.2021-ci il tarixdən başlayaraq rəsmi nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq Nəcəfova (Əkbərova) Natəvan Telman qızına ödənilməsi qət edilmiş və qətnamə aliment hissəsində icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının həyata keçirilməsi məqsədi ilə borclunun əmək haqqının 70%-i miqdarında məbləğin tutulması haqqında iş yerinə məktub göndərilmiş və tutulmalar başlanılmışdır. Bununla bağlı icra məmuru tərəfindən qərar qəbul edilməyərək, yalnız məktub göndərilmişdir. Borclu hesab edir ki, hazırkı icra sənədi üzrə öhdəlikləri olduğu kimi, digər nikahından olan övladlarının təhsil və digər zəruri xərcləri, həmçinin bank qarşısında borc öhdəlikləri var. Borclu həmçinin borcundan yayınmadığını, sadəcə olaraq alimentin və aliment borcunun onun əmək haqqının 50% miqdarında tutulmasını istəyir. Bu səbəbdən də mövcud şikayətlə məhkəməyə müraiət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi-vəkili S.İmayılov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətinn təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tələbkar və icra məmuru məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına olan: - Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin cavabdeh X2 tutularaq iddiaçı Nəcəfova (Əkbərova) Natəvan Telman qızının xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və borcluya “tələbin dərhal icra edilməsi” haqqında bildiriş göndərilmişdir. - Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə məktub ünvanlanaraq xx.xx.2021-ci il tarixdən başlayaraq yaranmış aliment borcu tutulanadək hər ay borclu X3 əmək haqqının 70% miqdarı və borc məbləği tam şəkildə ödənildikdən sonra hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment pulu tutularaq tələbkar Nəcəvofa (Əkbərova) Natəvan Telman qızının bank hesabına köçürülməsi və nəticəsi barədə hər ay 3 aydan bir məlumat verilməsi xahiş olunmuşdur. - "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 əmək haqqının 1/3 hissəsi miqdarında aliment pulu (yanvar ayında tutulma 957.54 manat) tutularaq tələbkar Nəcəfova (Əkbərova) Natəvan Telman qızının bank hesabına ödənilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və icra məmurunun hərəkətləri qanunsuz hesab edilməlidir. Belə ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək kimi icra məmurunun icra ilə əlaqədar hüquqları vardır. “İcra haqqında” Qanunun: - 63.1.1-ci maddəsinə əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edilərkən tələbin borlcunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. - 63.1.2-ci maddəsinə əsasən icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmamalıdır. - 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. - 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. - 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Məhkəmə qeyd edir ki, qanunvericliyin tələblərinə uyğun icra məmuru borcun borclunun əmək haqqının 70%-nə yönəltsə də borclunun digər öhdəliklərini nəzərə almamış, həmçinin icra ödənişinin tutulması barədə qərar qəbul etməli olduğu (İcra haqqında qanunun 85-ci maddəsi) halda bunu etməmişdir. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru qanunla müəyyən edilmiş funksional vəzifələrini və hüquqlarını düzgün yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar borcun borclunun əmək haqqının 70%-i miqdarına yönəldilməsi hissəsində icra məmurunun hərəkətləri qanunsuz hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcun borclu X3 əmək haqqının 70%-i miqdarına yönəldilməsi hissəsində Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin hərəkətləri qanunsuz hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar