Məhkəmə qərarları › İş №8(001)-415/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-415/2023

16.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-415/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi barədə ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında iş materialları ilə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1 Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İcraata xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra məmuru qərarda “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsaslanaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3843/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam vermişdir. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən “İcraata xitan verilməsi haqqında” qərar qəbul edilərək əsas kimi icra sənədinin tam icra olunması göstərilmişdir, icra zamanı mənzilin açarı tələbkara təqdim olunmuş, lakin icra sənədinin icrasına formal yanaşılmış, mənzilə köçürülməyi təmin olunmamış, tələbkar azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə faktiki olaraq köçə bilmir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru qərar qəbul edən zaman “İcra haqqında” Qanunun tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Belə ki, icra məmuru tələbkarın mənzilə köçürülməyini təmin etməmiş, ona mənzilin açarını təqdim edərək, icraata xitam verməklə kifayətlənmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 məhkəməyə bildirdi ki, icra məmuru onları mənzilə köçürürək açarla təmin etmiş, o, əşyalarını gətirməyə gedib qayıtdıqda cavabdehlər onu mənzilə buraxmamış, mənzilin qapısını içəridən bağladıqlarından qapını aça bilməmiş və həmin vaxtdan mənzilə girə bilməmişdir. Anası yaşlı adamdır, qardaşı onu öyrədir, onun mənzilə girməsinə imkan vermirlər, icra məmuruna müraciət etsə də bir nəticə verməmişdir. İcra məmuru anasını öyrədən qardaşı ilə bacarmır. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini, şikayətə əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İcraata xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə ərizə əsaslıdır. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata xitam “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. İcra işinin materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3843/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilmişdir. Lakin hazırda tələbkarın sözlərindən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3843/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi icra olunmamış qalmaqdadır, tələbkara mənzilin açarı təqdim edilsə də, faktiki olaraq onun həmin mənzilə köçürülməsi təmin edilməmiş, qapı daim içərindən bağlı olduğuna görə tələbkar həmin qapını açmaq və mənzilə daxil olmaq imkanından məhrumdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olunan maddə ədalətli məhkəmə baxışına təminat verir. Ona görə də mülki hüquq və vəzifələrin nəyi əhatə etməsinin müəyyənləşdirilməsi 6-cı maddənin tətbiqi baxımından əhəmiyyət kəsb edir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İcraata xitam verilməsi barədə qərar ləğv edilməli və icra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İcraata xitam verilməsi haqqında qərar ləğv edilsin. İcra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar