Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-425/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 7255/2022 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 7255/2022 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında məhkəməyə bildirdi ki, X3isidir, maddi durumu çox ağırdır, müharibədə kontuziya alıb, hər ay hospitalda öz hesabına müalicə qəbul edir. Hal-hazırda Metropolitendə işləyir və aylıq əmək haqqı əlavələrlə 600 manatadək olur. Həmin pulun 150 manatını borcun ödənilməsinə ayıra bilər. Ondan artıq ödəyə bilmir. Belə ki, səhhəti buna yol vermir. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni iş materialları ilə məcmu halında araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-7255/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X4 2164,26 manat əsas borc və 564,51 manat faiz borcu olmaqla, cəmi 2728,77 manat məbləğində borcun və ödənilmiş 47,28 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 8036 saylı arayışından görünür ki, X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır (*partlayış travması, sağ bud nahiyəsinin bayır səthinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, sağ ayağın beşinci daraq sümüyü proyeksiyasında yumşqa toxumada bir ədəd metal qəlpə). İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, X7 “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə görə, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə işin hallarını, borclunun X3isi olması, səhhətində olan problemləri, maddi durumunu, tələbkar tərəfindən borclunun ərizəsinə etirazın daxil olmamasını nəzərə alaraq hesab edir ki, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(001)-7255/2022 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 7255/2022 saylı qətnaməsi hər ay 150 (yüz əlli) manat olmaqla hissə-hissə icra etdirilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-425/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-425/2023
23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver