Məhkəmə qərarları › İş №8(001)-445/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-445/2023

31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-445/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6800/2022-012 saylı icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus əmlak üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-6800/2022- 012 saylı icra sənədi üzrə borcu Borclu xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə əsas borca görə 13562,92 (on üç min beş yüz altmış iki manat, doxsan iki qəpik) manat, faiz borcuna görə 2100,68 (iki min yüz manat, altmış səkkiz qəpik) manat olmaqla, ümumilikdə 15663,50 (on beş min altı yüz altmış üç manat, əlli qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 105,30 (yüz beş manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İcra vərəqində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin etməməsi barədə borcluya qərar və bildiriş göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmiş və qərəzli olaraq borcu ödəməkdən yayınmışdır. Elektron Portalın çıxarışından görünür ki, Borclu mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi, 1.6060 kv.m torpaq sahəsi və İsmayıllı rayonu, İsmayıllı kəndi 0,06 kv torpaq sahəsi qeydiyyatdan keçmişdir. İşdə iştirak edən tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, hazırda həmin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Banka hissə-hissə icra üçün müraciət etsə də, nəticəsi olmamışdır. Torpaqlarından biri 6 sot olmaqla, həyətyanı, yəni yaşayış üçün, digəri isə əkin üçündür. Həmin ərazidə qonşusu torpağın sotunu 2500-2600 manatdan satıb. Hazırda həll edilməli olan pensiya məsələsi var. Əgər öz həlli taparsa ödəniş edə bilər. Çünki hazırda ona pensiya fondundan ödənilməli olan 15000 manat vəsait var. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələb əmlaka yönəldilə bilər. 45.1-ci bəndinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra haqqında Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 50.5-ci bəndinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Elektron İcra Sistemindən olan çıxarışdan görünür ki, Borclu adında 1.606 kv.m əkinə istifadəyə uyğun kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamışdır. Nəticədə məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün əsas yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığına, borclunun 15663,50 manat məbləğində borcunun olmasına və nəticədə məcburi icra tədbirinin tətbiqi üçün əsas yarandığına görə təqdimat qismən təmin edilməli, icra sənədinin icrasının təmin olunması məqsədilə borclunun adına aşkar olunmuş İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,06 kv.m həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Təqdimatən borcun həmin torpaq sahəsinə yönəldilməsi hissəsində isə məhkəmə hesab edir ki, həmin məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.5-ci və 53-cü maddələrinə əsasən icra məmurunun səlahiyyətləri daxilində həll edilməlidir. Belə ki, məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoyulmasının mahiyyəti tələbin həmin əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi təşkil edir. İcra haqqında qanunun məzmunundan görünür ki, tələbin borclunun əmlakına yönəldilməsi hallarında yalnız əmlak üzərinə həbsin qoyulması bir qayda olaraq məhkəmənin səlahiyyətinə aid edilmişdir. Göstərilənlərə əsasən məhkəmə o, qənaətə gəlir ki, təqdimat qismən təmin edilməli, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,06 kv.m həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 658, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,06 kv.m həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar