Məhkəmə qərarları › İş №8(001)-52/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-52/2023

11.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-52/2023 11.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(001)- 5534/2022 saylı icra sənədi üzrə “icraata xitam verilməsi barədə” Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aynurəxanım Ağalarova tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli qərardan icra sənədi üzrə tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə 11 yanvar 2023-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(001)- 5534/2022 saylı qətnaməsinə əsasən, X2 əsas borc 1409,02 manat, faiz borcu 545,95 manat olmaqla, ümumilikdə 1954,97 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. İcra sənədi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru Aynurəxanım Ağalarova borclu X3 vəfat etdiyini əsas gətirərək, icra sənədinin icraatına xitam verilməsi haqqında qərar qəbul etmişdir. İcra sənədi üzrə tələbkar həmin qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayəti iş materialları ilə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İlk növbədə məhkəmə icra məmurunun “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən icra sənədi üzrə borclu X3 xx.xx.2020-ci il tarixdə vəfat etməsini əsas gətirərək icraata xitam verilməsi haqqında qərarını əsassız sayaraq qeyd edir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci və 17.1.1-ci maddələrinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 20.1-ci və 20.1.3 –cü maddələrinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi qanunvericilikdə vəfat etmiş şəxsə qarşı tələb və vəzifələrin yalnız həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməməsi ilə şərtləndirmirdir. Hazırkı halda isə belə şərtin mövcudluğuna dair icra məmuru tərəfindən hər hansı sübut təqdim olunmadığından icra məmuru tərəfindən qəbul edilmiş “İcraata xitam verilməsi haqqında” 24 noyabr 2022-ci il tarixli qərar ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(001)- 5534/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aynurəxanım Ağalarova tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli qərar ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(001)- 5534/2022 saylı icra sənədi üzrə icra məmuru tərəfindən prosessual hərəkətlər davam etdirilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar