Məhkəmə qərarları › İş №8(001)-521/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-521/2023

20.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-521/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3763/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3763/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 9409,74 manat məbləğində borc, habelə ödənilmiş 114,9 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu icra vərəqəsində göstərilən tələbi könüllü ödəməsi barədə bildiriş və qərar göndərilmiş, lakin borc tələbi borclu tərəfindən könüllü qaydada ödənilməmişdir. Borcluya dəfələrlə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, borc tələbi borclu tərəfindən ödənilməmişdir. Borclunun adına hər hansı əmlak aşkar olunmadığından borc məbləğini borclunun əmlakına yönəltmək mümkün olmamışdır. Borclu isə xx.xx.2023-cü il tarixində məhkəməyə teleqram ünvanlayaraq, xəstə olması səbəbindən məhkəmə iclasının təxirə salınmasının xahiş etmişdir. Məhkəmə borclunun ərizəsinin dəlilləri ilə bağlı sübut təqdim etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak etməli olan digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2 və 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri, e44106/2023-14-9-001 saylı icra işini nəzərdən keçirərək o qənaətə gəlir ki, təqdimat əsaslı olmadığından rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2-ci bəndində göstərilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Şərh olunan normaların məzmunundan göründüyü kimi borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məcburi icra tədbiri deyildir, bununla bağlı təqdimat isə icra məmuru tərəfindən əsaslandırmalıdır. Təqdimatın əsaslandırılması dedikdə icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin hansı əsasla yarandığı nəzərdə tutulur. Eyni zamanda bu zərurət icra məmuru tərəfindən borclunun əmlakının axtarılması ilə bağlı bütün tədbirlər həyata keçirildikdən, o cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması yoxlanıldıqdan sonra yarana bilər. Lakin icra məmuru öz təqdimatında borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyini əsaslandırmamış, eyni zamanda borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməmişdir. O cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması da iş materialları ilə və icra işinin materialları ilə müəyyən edilmir. Halbuki borclunun ölkədən getmək hüququ konstitusion hüquq olduğundan icra məmuru bu hüququn məhdudlaşdırılması barədə tədbirin tətbiq edilməsinin zəruriliyinə diqqətlə yanaşmalı və bu məhdudiyyətin tətbiqinin icra sənədinin birbaşa icrasına təsir edəcəyini kifayət qədər əsaslandırmalıdır. Eyni zamanda bu tədbir yuxarıda qeyd olunan təlimatdan da göründüyü kimi son zərurətdən irəli gəlməlidir. Bundan başqa görülən tədbir tələbə mütənasib olmalıdır. Bununla bağlı “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyrimüəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. İcra məmurunun geniş mülahizə sərbəstliyi nəzarətsiz olmamalıdır. “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin məzmununa görə, icra məmurunun mülahizə sərbəstliyi çərçivəsində etdiyi hərəkətlər, o cümlədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat məhkəmə tərəfindən yoxlanılır və bu hüququn müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə müəyyən olunur. Bu qayda konstitusiya hüququna özbaşına müdaxiləyə qarşı təminat kimi çıxış edir. Məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. İcra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Bundan başqa icra işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-527/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, icra məmuru Nəbi Allahverdiyevin eyni məzmunlu təqdimatı təmin edilməmiş, üstəlik hazırki təqdimata baxılan zaman eyni məzmunlu təqdimatla məhkəməyə müraciət etmiş olması anlaşılan olmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki halda təqdimat əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3763/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyevin təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar