Məhkəmə qərarları › İş №8(001)-56/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-56/2023

10.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-56/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1757/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1757/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 7024,49 manat pul tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir . Təqdimat onunla əsaslandırılmışdır, icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. “Elektron-icra” sisteminə əsasən borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pensiya növü aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, ailəsində təkcə işləyən şəxs özüdür. Taksi fəaliyyəti ilə məşğuldur və borcunu hissi-hissə ödəyəcək. Təqdimatın təmin edilməsinə etiraz etmir. Valideynlərinin xəstəliyi ilə əlaqədar ailəni tək dolandıran özü olduğundan, ölkəni tərk etmir. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 84-1.2-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.4-cü bəndində qeyd olunmuşdur ki, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Həmin təlimatın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İcra məmuru tərəfindən Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1757/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli qərara əsasən icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş “Elektron-icra” sisteminə əsasən borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pensiya növü aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1757/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi tam icra olunana kimi xx.xx.1994-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar