Məhkəmə qərarları › İş №8(001)-588/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-588/2023

24.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-588/2023 24.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş ərizəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Borclu "xxxx" Mənzil-Tikinti Kooperativi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə borclu "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri kimi qeyd olunmuş X1 tərəfindən imzalansa da, həmin şəxsin səlahiyyətli şəxs olmasının təsdiq edilməsi üçün ərizəyə hər hansı sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, belə nəticəyə gəlirəm ki, ərizəni imzalayan şəxsin səlahiyyətli şəxs olmasını təsdiq edən sənədlər ərizəyə əlavə edilmədiyindən, geri qaytarılmalı və borcluya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə ərizə ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 13.4, 152.1.2, 263 və 264 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş ərizə geri qaytarılsın. Borcluya izah olunsun ki, şikayətin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə ərizə ilə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar