Məhkəmə qərarları › İş №8(001)-591/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-591/2023

20.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-591/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, X1, Borclu iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 4456/2020 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 4456/2020 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında məhkəməyə bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4456/2020 saylı qətnaməsi ilə cavabdeh Borclu üzərinə ondan “Xəzər” telekanalında yayımlanan “Səni axtarıram” və “ATV” telekanalında yayımlanan “BizimləSən” verilişlərində təkzib verilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh tərəfindən edilmiş təkzib "ATV" telekanalında yayımlanmış, lakin “Səni axtarıram” verilişi hal-hazırda “ARB” telekanalında yayımlandığına görə, cavabdehin dediklərinin həmin verilişdə təkzib edilməsi mümkün olmamışdır. Hal-hazırda qətnamə həmin hissədə icrasız qalmış və bütün ətrafdakılarda belə bir düşüncə yaranmışdır ki, əgər “Səni axtarıram” verilişində təkzib yayımlanmamışdırsa, deməli həmin verilişdə deyilənlər doğru idi, bu da ona əlavə sarsıntı yaşadır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında məhkəməyə bildirdi ki, ərizənin təmin edilməsi mümkün deyil. Belə ki, qətnamədə “ARB” telekanalı deyil, “Xəzər” telekanalı qeyd olunmuş və veriliş həmin kanalda hal-hazırda yayımlanmırsa, artıq təkzib verilməsi məsələsi aradan qalxır. O, “ATV” telekanalında təkzibini etmiş və “Xəzər” telekanalında indi “Səni axtarıram” verilişinin olmaması ondan asılı bir məsələ deyil. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, lakin məhkəmə tərəfindən tələb edilmiş icra işi məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4456/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh Borclu üzərinə iddiaçı X4 şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayıldığı kütləvi informasiya vasitələrinin müvafiq (“Xəzər” telekanalının “Səni axtarıram” və “ATV” telekanalının “BizimləSən”) verilişlərində təkzib edilməsi və iddiaçı X3 üzr istənilməsi vəzifəsi qoyulmuş; vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 1,80 manat hissəsinin cavabdeh Borclu tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcra işinin materiallarından görünür ki, "xxxx" MMC-nin baş direktoru Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin rəisinə məktub ünvanlayaraq bildirmişdir ki, icra sənədinin “Xəzər” telekanalında icra olunması mümkün deyil. Belə ki, 2021-ci ilin iyul ayının 23-də “Səni axtarıram” verilişinin “Xəzər” telekanalında sonuncu yayımı olmuşdur. Veriliş 2021-ci ilin noyabrın 22-dən etibarən “ARB” telekanalında yayımlanır. İcra işinin materiallarında olan "xxxx" MTKR-nın hüquq şöbəsinin müdiri tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin rəisinə ünvanlanmış məktubdan görünür ki, Borclu üzr istəməsinə dair süjet hazırlanmış və həmin süjet xx.xx.2023-cü il tarixdə, saat 02:41-də “ATV” telekanalının efirində yayımlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xatakter alacaqdır. Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Avropa Məhkəməsi həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı iş üzrə 14 iyun 2005-ci il tarixli qərarında da təkrarlamış, cavabdeh dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx" ASC Rusiya Federasiyasına qarşı iş üzrə 21 iyul 2005-ci il tarixli qərarında Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə tərəfləri dinləyib, ərizəni iş materialları ilə məcmu halında araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 4456/2020 saylı qətnaməsindən göründüyü kimi, həmin iş üzrə cavabdeh nə telekanal, nə də ki, verilişdir. Cavabdeh - X4 şərəf və ləyaqətini ləkələyən ifadələri səsləndirən Borcludur. "xxxx" MMC-nin baş direktoru tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin rəisinə ünvanlanan məktubdan da belə başa düşülür ki, “Səni axtarıram” verilişi “Xəzər” telekanalına məxsus deyil, müəllif verilişidir və hal-hazırda həmin veriliş “ARB” telekanalında yayımlanır. Göründüyü kimi, verilişin adı, aparıcısı, formatı və konsepsiyası eynidir və ehtimal edilir ki, izləyici kütləsi də şərti olaraq dəyişməz qalır – beləliklə, hansı telekanalda yayımlanmasından asılı olmayaraq təkzibin “Səni axtarıram” verilişində yayımlanması şərəf və ləyaqəti ləkələnmiş şəxsin hüquqlarının bərpa edilməsinə xidmət etmiş olacaq. Yəni, qətnamənin obyektiv olaraq real icrası baxımından əhəmiyyətli olan təkzibin konkret verilişdə yayımlanmasıdır. Qeyd olunmalıdır ki, bu baxından “ATV” telekanalında təkzibin saat 02:41-də yayımlanması da obyektiv icra hərəkətləri baxımdan müəyyən suallar yaradır. Belə ki, X4 şərəf və ləyaqətini ləkələyən ifadələr “prime time” - televiziyanın ən çox izlənən saatlarında səsləndirilmişdir. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ... qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4456/2020 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilməli, X1 şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların təkzib edilməsi Borclu tərəfindən “Səni axtarıram” verilişinin hal-hazırda yayımlandığı “ARB” telekanalında icra etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4456/2020 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilsin. X1 şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların təkzib edilməsi Borclu tərəfindən “Səni axtarıram” verilişinin hal-hazırda yayımlandığı “ARB” telekanalında icra etdirilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar