Məhkəmə qərarları › İş №8(001)-648/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-648/2025

08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-648/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-480/2025 nömrəli, xx.xx.2025-ci il tarixli “qətnaməsinin hissə-hissə icra edilməsi barədə” X1 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-480/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsinin hissə-hissə, yəni ayda 200-250 manat ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-577/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin iş üzrə məhkəmə iclası zamanı dəqiq olmayan məlumatlar verilmiş və X4 2023-cü ilin fevral ayından bu günədək heç bir ödəniş etmədiyi bildirilmişdir. Lakin o, 2024-cü ilin fevral ayı da daxil olmaqla hər ay ödəniş etmişdir. Hazırda ailə vəziyyəti və işsizliklə bağlı borcu bir dəfəyə ödəyə bilmir. Bu səbəbdən də Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-480/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir.

3. İcra sənədi üzrə tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

4. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.

5. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-480/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, cavabdeh X3 14700 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir.

6. Binəqədi Rayon Məhkəməsinin 8(001)-577/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, X1 “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsi təmin edilməmişdir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. - Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. - Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: “Məhkəmə qətnaməsi haqqında” 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli: - 12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

9. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunvericilik qətnamə çıxarıldıqdan sonra məzmununa toxunmadan qətnaməni çıxarmış məhkəmə tərəfindən onun icra olunması qaydasının dəyişdirilməsi ilə bağlı müəyyən imkanları nəzərdə tutmuşdur. Bunlar 3 formada - qətnamənin icrasına möhlət vermə, qətnaməni hissə-hissə icra etmə və qətnamənin icra üsulunun və qaydasının dəyişdirməsi qaydasında ola bilər. Qətnamənin icra üsulunun bu formalara uyğun dəyişdirilməsinin başlıca şərti isə işdə iştirak edən şəxslərin əmlak vəziyyəti və digər hallarla (məsələn, qətnamə çıxarıldıqdan sonra əvvəlki vəziyyətin dəyişməsi və bu halın qətnamənin icrasında çətinliklər yaratması və s.) bağlı ola bilər.

10. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icrası ilə bağlı məsələyə baxıldığı zaman məhkəmə borclunun əmlak vəziyyətini nəzərə almaqla yanaşı tələbkarın da mənafeyini diqqətindən qaçırmamalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanunla qorunan mənafelərini və pozulmuş hüquqlarının müdafiəsi müddətini uzatdığına görə belə güzəştin edilməsi icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr olduqda tətbiq edilməli, tərəflərin hüquqlarının pozulmasına yönəlməməlidir.

11. Məhkəmə iş materiallarını nəzərə alaraq həmçinin qeyd edir ki, Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(011)-480/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə imkan verən qanunla müəyyən edilmiş əsaslarını və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Məhkəmə qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı halların sübuta yetirilmədiyini, həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, borclu tərəfindən qətnamə icraya yönəldiyi vaxtdan tələbkara olan borcun ödənilməməsini, həmçinin borclu tərəfindən bundan sonra da ayda 200- 250 manat olmaqla ödəniləcəyi təqdirdə çox uzun müddətdə ödənilməsini, bunun isə icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə almaqla ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmir.

13. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-480/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsinin hissə-hissə, yəni ayda 200-250 manat ödənilməsi barədə ərizəsi təmin edilməsin.

2. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar