Məhkəmə qərarları › İş №8(001)-668/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-668/2023

04.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-668/2023 04.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3030/2022 saylı icra vərəqəsi üzrə əmək haqqı fərqinin ödənilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 ərizəsini və ona əlavə edilmiş sənədləri 04 avqust 2023-cü il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 11 avqust 2022-ci il tarixli, 2(001)-3030/2022 saylı icra sənədinin icrasını tam təmin etmək məqsədi ilə hesbalanmış qalıq 8820 manat əmək haqqı fərqinin Tələbkar ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(001)-3030/2022 saylı qətnaməsinə əsasən, Tələbkar əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 16-ş/h nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə Tələbkar MMC-nin insan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. İcra məmuru hazırki ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Tələbkar işə bərpa edilməklə məcburi işburaxma dövrü üçün ona əmək haqqı hesablanarkən həmin dövrü ərzində vəzifə maaşının artırılması nəzərə alınmamış və əvvəlki vəzifə maaşı üzrə yəni ümumilikdə 5120 manat vəsait tələbkarın hesabına köçürülmüşdür ki, 2022-ci ilin sentyabr ayından etibarən həmin vəzifə üzrə əmək haqqının artım məbləği hesablanıb tələbkara ödənilməməklə 8820 manat vəsaitin ödənilməsi borclu tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki halda ərizənin qoşmasında 8820 manat əmək haqqı fərqinin tələbkara ödənilməsi ilə bağlı borcluya ünvanlandırılmış təklifə, eləcə də borclu tərəfindən tələbin bu hissəsinin könüllü icrasından imtinaya rast gəlinmir. Buna görə də, hesab edirəm ki, hazırki ərizəyə mübahisənin məhkəməyə qədər həll edilə bilməməsinə dair sübut qoşma edilmədiyindən, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3030/2022 saylı icra vərəqəsi üzrə əmək haqqı fərqinin ödənilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 ərizəsi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar