Məhkəmə qərarları › İş №8(001)-704/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-704/2025

08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-704/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Bəybalayeva Leylafər Natiq qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3978/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3978/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixli **********005 saylı müqavilə üzrə cavabdeh Borclu 600 manat əsas borc, 30 manat faiz borcu, 82 manat komissiya, 26 manat cərimə borcu olmaqla, ümumilikdə 738 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 23 manatı Bank Olmayan Kredit Təşkilatı Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-3978/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus 1 ədəd “SAMSUNG GALAXY S24-FE” markalı telefonun üzərinə həbs qoyulması və borcun həmin əmlaka yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, o, icra sənədinin icrası ilə bağlı icra şöbəsinə getmiş, borcunu ödəməməsi səbəbindən orada icra məmuru həmin telefonu ondan götürmüş və qaytarmamışdır. Hazırda o, marketdə fəhlə işləyir, aylıq 400 manat əməkhaqqı alır. Həmçinin, o bildirdi ki, icra şöbəsində onun izahatı alınmamış və izahat verməli olduğu barədə ona təklif edilməmişdir. Təqdimat vermiş icra məmuruna və tələbkara məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3978/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2024-cü il tarixli **********005 saylı müqavilə üzrə cavabdeh Borclu 600 manat əsas borc, 30 manat faiz borcu, 82 manat komissiya, 26 manat cərimə borcu olmaqla, ümumilikdə 738 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 23 manatı Bank Olmayan Kredit Təşkilatı Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Borclu "xxxx" MMC-də fəhlə vəzifəsində işləyir, aylıq əmək haqqı 441 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Həmin Qanunun 43.1.3-cü maddəsinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Göründüyü kimi, icra sənədi üzrə icra məmuru tərəfindən digər məcburi icra tədbirləri (borcun əmək haqqına yönəldilməsi və s.) tətbiq edilməmiş, “SAMSUNG GALAXY S24-FE” markalı telefonun üzərinə həbsin qoyulması və borcun həmin əmlaka yönəldilməsini xahiş etmişdir. Həmçinin, icra məmuru tərəfindən həmin əmlakın borcluya məxsus olması barədə təqdimata heç bir mötəbər sübut əlavə edilməmişdir. Təsvir edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3978/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun təqdimatı rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar