Məhkəmə qərarları › İş №8(001)-72/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-72/2025

03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-72/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, X1 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5306/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş məbləğdən qalan 990 manat məbləğin ödənilməsi üçün ona qanunvericiliyə uyğun olaraq 6 ay müddətində möhlət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5306/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il tarixli, 1059-xx.xx.2016-SM0087 nömrəli kredit müqaviləsi üzrə 1078,3 manat əsas borc, 0,76 manat faiz borcu olmaqla, ümumilikdə 1079,06 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30,79 manat dövlət rüsumu və 0,4 manat bank xidməti haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qətnamə qəbul ediləndən sonra o, apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Bildirir ki, o, ümumiyyətlə qətnaməni almamış və həmin borc onun deyil. Həmin borc onun rəhmətlik atasının idi, o da atasının vərəsəsidir. Bu səbəbdən də, o, həmin borcu ödəyəcək. Lakin hazırda özünun “Rabitə Bank”-da 2026-cı ilə qədər krediti var və hər ay "xxxx"-a 744 manat ödəməlidir. Bunan baxmayaraq, qeyd olunan borcdan (1079,06 manat) o, 110 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəmişdir. Tələbkarın nümayəndəsi məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, X4 tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5306/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin “hissə-hissə öcra edilməsi”nə dair ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Borclu tərəfindən “borcun hissə-hissə icra edilməsi”nə dair məhkəməyə təqdim edilmiş ərizə tamamilə qnaunsuz və əsassızdır. Qeyd edir ki, sözügedən şəxsin məhkəməyə qətnamənin icrasında möhlət verilməsi barədə tələbi tələbkar "xxxx" ASC-nin hüquqlarını kobud şəkildə pozulmasına və icra sənədi üzrə icra olunmalı qərarın borclu tərəfindən əsassız şəkildə uzadılmasına səbəb olacaqdır. Bununla yanaşı, sözügedən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qərarın hissə-hissə icra olunması üçün heç bir əsas yaranmamışdır. Bu səbəbdən hesab edirlər ki, X4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizə təmin edilməmli və borclu barəsində icra şöbəsi vasitəsilə müvafiq məcburi icra tədbirləri görülməlidir. Göstərilənlərə əsasən, 8(001)-72/2025 saylı iş üzrə keçiriləcək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilərək X4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Hesabdan çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2024-cü il tarixli SBNPU-09092 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana 24 ay müddətinə illik 14% dərəcəsi ilə 15500 manat məbləğində kredit verir, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarından görünür ki, “İcra haqqında” Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edildikdə: - möhlət müddəti başa çatana qədər qətnamə icraya yönəldilə bilməz (icra vərəqəsi verilə bilməz); - möhlət icra vərəqəsi verildikdən sonra verildikdə, icra məmuru möhlət başa çatana qədər icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edə bilməz; - icra sənədi üzrə icraata başlamaq haqqında qərar möhlət verilənə qədər qəbul olunduqda isə icra məmuru möhlət müddəti başa çatana qədər icra hərəkətlərini həyata keçirə bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərində də göründüyü kimi, məhkəmə qətnamənin icrasına möhlət verilməsi məsələlərini həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Hazırda isə tələbkar ərizəyə etiraz ünvanlayaraq, ərizənin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, borclu maddi imkanının qətnamənin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən qətnamənin icrasına möhlət verilməsini xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi əsassız hesab edilməli və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar