Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-783/2024 17.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Tələbkar iştirakı ilə, X1 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar üçün, ev almağa köməklik göstərmək, vasitəçilik etmək üçün kredit müqaviləsi bağlayaraq cəmi 9775 manat məbləğində pul vəsaiti götürmüşdür. Lakin onun üçün ev tapmaq mümkün olmamış və ona verilmiş pul xərcləndiyi üçün geri qaytara bilməmişdir. xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2023 saylı qətnaməsi ilə iddiaçının xeyrinə 8500 manat əsas borc, 1275 manat gecikdirilmiş vaxt üçün 5% hesablanan faiz məbləği olmaqla cəmi 9775 manat və ödənilmiş 125 manat dövlət rüsumu tutulmuşdur. xx.xx.2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4907/2023 saylı qərarı ilə Binəqədi Rayon Məhkəməsinin qərarı qismən dəyişdirilmiş, gecikdirilmiş vaxt üçün 5% hesablanan 1275 manat faiz məbləği 850 manat təyin olunmuşdur. Özü heç bir yerdə işləmir, dolanaşacağı çətindir. Borcu ödəməkdən boyun qaçırmır. Məhkəmə qərarı ilə tutulmuş 8500 manat əsas borc, 850 manat faiz borcu, cəmi 9350 manat məbləğində borcun hissəhissə ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar məhkəməyə ərizə təqdim edərək bildirdi ki, o, borclunun ərizəsinə qətiyyətlə etiraz edir. Çünki, borclu icra sənədini qəsdən icra etmir. Onun özü borcluya dəfələrlə şərait yaratmış, lakin borclu məsuliyyətsizlik edərək bundan istifadə etmişdir. Ona görə də ərizənin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və bu barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1853/2023 saylı qətnaməsinə əsasən cavabdeh X3 iddiaçı Tələbkar xeyrinə 8.500 manat əsas borc, 1275 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği olmaqla, cəmi 9775 manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 4907/2023 saylı qətnaməsinə əsasən X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi gecikdirilmiş vaxt üçün faizin tutulması hissəsində dəyişdirilərək X3 xx.xx.2021ci il - xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 850 (səkkiz yüz əlli manat) manat məbləğində faiz borcu Tələbkar xeyrinə tutulmuş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, borclu maddi imkanının qətnamənin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən yaranmış borcun hissə-hissə icrasını xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Hazırda qətnamənin hissə-hissə icra edilməsi barədə borclunun xahişinin təmin edilməsi qətnamənin tam icrasını bir neçə ilə yaxın müddətə uzadılması ilə nəticələnəcəkdir ki, bu da tələbkarın mənafeyinə zidd olacaqdır. Halbuki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsi rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş şikayət veilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-783/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-783/2024
17.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver