Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-786/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, X1 iştirakı ilə, X2 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 buraxılmış prosessual müddətin bərpası barədə ərizə və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında məhkəməyə bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsi ilə onun iddia ərizəsi qismən təmin edilmiş, ona məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh Borclu MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, lakin icra məmuru tərəfindən vaxtında müvafiq hərəkətlər edilməmiş, 80 gündən artıq müddətdə icra sənədi hərəkətsiz qalmış və icra məmurunun gərəzli hərəkətsizliyi nəticədə ona gətilib çıxarmışdır ki, təhvil verilməli olan qaraj ümumiyyətlə sökülüb dağıdılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı onun ünvanına rəsmi qaydada göndərilməmişdir. O, icra sənədinin icrasını tələb etmək üçün növbəti dəfə icra şöbəsinə gedəndə, icra məmuru ona nəyə imzalatdırdığına məlumat vermədən, görünür, hansısa sənədə imza etdirib ki, güya həmin qərarı ona verib. Həmin qərarın mövcudluğundan məlumatı olsa idi, təbii ki, dərhal onu mübahisələndirərdi. İndi o, prosessual müddəti ötürmüş sayılır. Ona görə də, məhkəmənin prosessual müddəti bərpa etməsi və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarını ləğv etməsi zəruridir. İcra məmuru tərəfindən qərarda onun borclu ilə razılığa gəlməsi qeyd olunsa da, bu həqiqətə uyğun deyil. Onlar arasında hər hansı razılıq olmayıb, qarajı gərəzli şəkildə sökülüb ki, təhvil verilməsin. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəyə və şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, ərizənin və şikayətin dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, ərizə və şikayət təmin edilməli, buraxılmış prosessual müddət bərpa edilməli, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... qətnamədən də göründüyü kimi X2na məxsus 30,9 m2 sahədən ibarət daş qaraj Azadlıq prospekti, 158 saylı binanın qarşısında yerləşmişdir. Məlum olmuşdur ki, daş qarajın yerləşdiyi ərazidə yəni ayrıc aktı əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə “Mahal" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən 2314,66 m2 torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşası həyata keçirilmişdir (xx.xx.2018-ci il tarixli Sərəncamla təsdiq edilmiş tikintiyə icazə verilməsinə dair şəhərsalma layihəsinə uyğun). İcra sənədinin icrası zamanı müəyyən edilmişdir ki, X2na məxsus olan daş qaraj Borclu MTK tərəfindən çoxmərtəbəli yaşayış binası tikilən ərazidə yerləşdiyi üçün qarajdan yardımçı tikili kimi istifadə olmuşdur (sökülən vaxta qədər daş qarajın qapısı çıxarılmaqla yeməkxana kimi istifadə olunub). Həmçinin xx.xx.2022-ci il tarixdə qaraja baxış keçirilmiş, qarajın tikinti ərazisi kimi hasara alınmış hüdudların daxilində olması, həmin qarajın “Mahal" MTK tərəfindən tikinti ərəfəsində istifadə edildiyi məlum olmuş və daş qarajın əvvəlki vəziyyətə gətirilməsi barədə borcluya xəbərdarlıq edilərək fotoşəkilləri çəkilmişdir. Lakin daha sonra xx.xx.2022-ci il tarixdə tərəflər öz aralarında razılıq əldə etmələrinə baxmayaraq, xx.xx.2022-ci il tarixdə iş üzrə tələbkar Ş.Həsənovun da iştirakı ilə əraziyə baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan daş qaraj yarısökülü vəziyyətə, düşdüyü üçün (yəni qarajın üst beton panelləri və sol ön divarı dağılmışdır) qaraj tamamilə istifadəyə yararsız vəziyyətə gətmiş, bu barədə akt tərtib edilmişdir. Həmçinin xx.xx.2022ci il tarixdə iş üzrə tələbkar Ş.Həsənovun iştirakı ilə bir daha həmin ünvanda olarkən tələbkara məxsus daş qarajın tamamilə söküldüyü müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə “Mahal" MTK tərəfindən ünvanlanan məktubda asılı olmayan səbəblərdən yəni, daş qarajın baş vermiş qəza zamanı (yük avtomobilinin toxunuşu zamanı baş verməsi qeyd, edilir) qəzalı vəziyyətə düşməsi göstərilir və müvafiq olaraq araşdırma aparılması üçün daxili işlər orqanlarına müraciət edildiyi bildirilir. Bütün bu göstərilənlərlə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2022 saylı, 09 fevral 2021-ci il tarixli icra sənədində qeyd edilən tələblərin mahiyyəti üzrə icra edilməsi obyektiv səbəblərdən (başqa halda icra sənədi üzrə predmet faktiki olaraq mövcud olmadığı üçün) tərəfimizdən mümkün olmamışdır”. Məhkəmə qərarda qeyd olunanları qanuni və əsaslı hesab etmir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə aşağıdakılar qət edilmişdir: “ ... İddia tələbi qismən təmin edilsin. İddiaçı X4 məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj cavabdeh Borclu MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı X4 təhvil verilsin. 3400 (üç min dörd yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Borclu MTK-dan tutularaq iddiaçı X4 ödənilsin”. Göründüyü kimi, qətnamədə xüsusi olaraq “daş qarajın cavabdeh Borclu MTK tərəfindən əvvəlki vəziyyətinə” qaytarılması qeyd olunub. Qarajın əvvəlki vəziyyəti həm qaraja aid sənədlərdən, həm də ki, mövcud olan fotoşəkillərdən bəllidir. İcra məmurunun özünün də Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarında qeyd etdiyi kimi, onun tərəfindən də qarajın sökülənə qədər fotoşəkilləri çəkilmişdir. Belə olan halda qarajın hal-hazırda mövcud olmaması əsası ilə icra sənədinin icrası mümkün olmadığı üçün məhkəməyə qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Hər bir halda qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə daş qarajın cavabdeh Borclu MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı X4 təhvil verilməsi müəyyən edilib və qətnamə qanuni qüvvədə olduğu təqdirdə icra edilməsi zəruridir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında həmçinin qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı iş»də qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdeh dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx" ASC Rusiya Federasiyasına qarşı işdə Məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumuniyaya qarşı» işdə qeyd etmişdir ki, hüququn aliliyinin əsas təzahürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübahisəni qəti olaraq həll edibsə, onun qərarı heç bir şübhə doğurmamalıdır. Hüquqi müəyyənlik Avropa Şurası üzvü olan dövlətin üzərinə öhdəlik kimi götürdüyü hüququn aliliyi prinsipinin tərkib hissəsidir. Ona görə məhkəmə qətnaməsi hər hansı şəxsin hüquq və azadlıqlarının müəyyən edilməsinə münasibətdə özündə qeyri-müəyyən müddəaları nəzərdə tutmamalıdır. Məhkəmə qətnaməsinin icrasının müəyyən hallarla bağlı təxirə salınmasına ayrıayrı hallarda bəraət qazandırmaq olar. Lakin bu təxirə salınma ədalətli məhkəmə baxışına olan hüququn mahiyyətini pozması səviyyəsinə çatmamalıdır. (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Budrov Rusiya Federasiyasına qarşı» işi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadlar bir daha göstərir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmaması ədalətli məhkəmə baxışı hüququnun pozulmasıdır. Hazırkı işin materiallarından göründüyü kimi, icra sənədi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə göndərilmiş, mübahisələndirilən qərarda qeyd olunanlara görə isə, qərarın sökülməsinə səbəb olmuş hadisə xx.xx.2022-ci il tarixdə baş vermişdir. İcra məmuru qərarda tərəflərin razılığa gəlməsinə istinad etsə də, iş materiallarında bunu təsdiq edə biləcək hər hansı sənəd mövcud deyil, tələbkar özü isə bunu inkar edir. Belə olan halda qanuni qüvvəyə minmiş məhkəmə aktının 3 aya yaxın müddətdə hansı əsaslarla icra edilməməsi iş materiallarından aydın deyil. Məhkəmə tərəfindən bu xüsusatların aydınlaşdırılması üçün icra şinin məhkəməyə təqdim edilməsi barədə məktub xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş, məktub xx.xx.2022-ci il tarixdə icra şöbəsində qəbul edilmiş, lakin məhkəmə iclasına nə icra məmuru gəlmiş, nə də ki, icra işi məhkəməyə təqdim olunmuşdur. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə müvafiq olaraq, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Hazırkı işdə icra məmuru icra sənədini məhkəməyə qaytararkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsini əsas götürmüşdür. Həmin maddəyə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsində qeyd olunanları nəzərə alaraq, icra sənədinin icrasının mümkün olmaması barədə icra məmurunun qənaəti ilə razılaşmır. Belə ki, adıçəkilən qətnamə ilə daş qarajın əvvəlki vəziyyətə qaytarılaraq tələbkara qaytarılması öhdəliyi borclunun üzərinə qoyulmuş və qarajın hal-hazırda mövcud olmaması həmin öhdəliyin aradan qalxmasına dəlalət etmir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra sənədinin icrasını mümkünsüz edən halların mövcudluğu tam olaraq araşdırılmadan, qanuni qüvvəsini almış məhkəmə aktını icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarılmışdır. Ona görə də, X2 tərəfindən buraxılmış prosessual müddət bərpa edilməli, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Tələbkar tərəfindən buraxılmış prosessual müddət bərpa edilsin. Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-786/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-786/2022
11.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver