Məhkəmə qərarları › İş №8(001)-850/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-850/2025

26.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-850/2025 26.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6956/2019 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X1nın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirirək, m ü ə y y ə n e t d i m: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6956/2019 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi, qətnamə üzrə onun tələbkar kimi tanınmasını və qətnamə üzrə tələb hüququnun ona aid edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6956/2019 saylı qətnaməsinə əsasən iddiaçı X2 cavabdehlər Borclu1 və Borclu2 ilə üzvləri ilə birlikdə ünvan 1 ünvanından çıxarılması nəzərdə tutulmuşdur. Bu qətnamədən verilmiş şikayətə Azərbaycan Respublikası Apellyasiya və Ali Məhkəmlərində baxılmış və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və bundan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və İcra haqqında qanunun tələblərinə uyğun olaraq icraya yönəldilmiş və bəzi icra işləri həyata keçirilsə də, icra başa çatdırılmamış, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllə, ev 2, mənzil 128 ünvanından bu günədək cavabdehlər çıxarılmamışlar. Sonradan xx.xx.2021-ci il tarixli, AN-İ №0940893 saylı alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil satılmış və xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışa əsasən hazırda onun mülkiyyətindədir. Göründüyü kimi yeni prosessual hallar yaranmışdır. Sabiq mülkiyyətçi hazırda onun mülkiyyətində olan mənzildən çıxarılma tələbinə dair tələbkar ola bilməz, çünki prosessual varis dəyişmiş və sabiq mülkiyyətçinin tələb və güzəşt hüququ itirilmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4733/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icra üsulunun və qaydasını dəyişdirmək üçün ərizə vermək hüququ ancaq işdə iştirak edən şəxslərə aiddir və digər şəxslərin həmin məsələyə dair ərizə vermək səlahiyyəti yoxdur. Eyni zamanda onu da qeyd edirəm ki, “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 31-ci maddəsindən görünür ki, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1nın ərizəsi geri qaytarılmalı və ona izah olunmalıdır ki, o, hüquq varisliyinin müəyyən olunması ilə bağlı icra məmuruna müraciət etməli, icra məmuru tərəfindən müvafiq tədbirlər görülmədiyi təqdirdə isə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6956/2019 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X1nın ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, hüquq varisliyinin müəyyən olunması ilə bağlı icra məmuruna müraciət etməli, icra məmuru tərəfindən müvafiq tədbirlər görülmədiyi təqdirdə isə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar